• 28.11.2022
  • 325
Koreya Respublikasındakı Azərbaycan səfirliyində görüş
24 Noyabr 2022-ci il tarixində Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Rəhbər Komitə (RK) iclasında iştirak etmək üçün ölkəyə səfər edən Elm və Təhsil Nazirliyinin və Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Nümayəndə heyətinin tərkibində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Turan Topalova, BMU-nun rektoru Havar Məmmədov, BMU-nun prorektoru Mənafəddin Namazov, BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli və tədris işləri üzrə mütəxəssis Əsmər İbadova təmsil olunur.
Səfir Ramin Həsənov Koreya Respublikasında səfərdə olan BMU-nun rektoru professor Havar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycan və Koreya Respublikası arasında təhsil sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparmışdır.
BMU-nun rektoru professor Havar Məmmədov hazırda BMU-da tətbiq olunan BMU-İNHA İkili Diplom Proqramı haqqında ətraflı məlumat vermişdir. Rektor Havar Məmmədov ikili diplom proqramının artıq 3 ildir davam etdiyini və dörd ixtisas - "İnşaat mühəndisliyi", "Elektrik mühəndisliyi", "Elektronika mühəndisliyi" və "İnformasiya Texnologiyaları" üzrə qəbul aparıldığını qeyd etmişdir. Hazırda proqram üzrə 274 tələbənin ingilis dilində təhsil aldığını, eyni zamanda, Koreya dili öyrəndiklərini əlavə etmişdir. Proqramın dövlət tərəfindən maliyyələşdiyini söyləyən Havar Məmmədov Elm və Təhsil Nazirliyi tərəfindən bu proqramın icra olunmasına xüsusi diqqət göstərildiyini qeyd etmişdir.
Səfir Ramin Həsənov Koreya Respublikası ilə Azərbaycan arasında təhsil layihələrinin vacibliyindən və gələcək perspektivlərindən söz açmışdır. Səfir həmçinin gələcək proqram və layihələr barəsində müəyyən proqnoz və görüşlərini ifadə etmişdir.
Qeyd edək ki, Koreya Respublikasına səfərin əsas məqsədi “2019-2023 Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında mühəndislik sahəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına dair Rəhbər Komitə iclasının keçirilməsi və növbəti təqvim ili üçün mühüm qərarların alınması olmuşdur.
Qalereya