Təhsil xərci

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 218 nömrəli 1 iyun 2022-ci il tarixli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın  2.1.1-ci yarımbəndinə uyğun olaraq, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının təhsil xərclərini də əhatə edir.

Həmin Qaydanın 2.3-cü yarımbəndinə uyğun olaraq, təhsil xərclərinə təhsil haqqı, xarici ali təhsil müəssisəsində qeydiyyat haqqı və proqram iştirakçısının təhsili ilə bağlı ödənilməsi xarici ali təhsil müəssisəsi tərəfindən mütləq tələb olunan xərclər aiddir.

Proqram iştirakçılarının təhsil xərcləri təqdim olunan təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürülür.

Təhsil xərcinin (“Tuition fee”) ödənilməsi üçün:

Proqram iştirakçısı təhsil aldığı ali təhsil müəssisəsində müvafiq qeydiyyatdan keçdikdən sonra həmin müəssisə tərəfindən ona verilmiş rəsmi blankda çap olunmuş (və ya elektron), imzalanmış və möhürlənmiş təhsil xərci barədə maliyyə sənədini (hesab-faktura) müvafiq qaydada İdarəetmə Qrupuna (dpinfo@edu.gov.az) təqdim etməlidir. Nümunə ilə keçiddən tanış olmaq olar.

 

Proqram iştirakçısının xərcləri özü tərəfindən ödənildiyi halda, həmin xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər, ödənişi təsdiq edən sənəd, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir.

Qeyd 1: Təhsil haqqı köçürmələrinin həyata keçirilməsi üçün müəyyən zamana ehtiyac olduğunu nəzərə alaraq, universitet tərəfindən təhsil haqqının ödənilməsi tələbi zamanı proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsinin Dövlət Proqramı çərçivəsində həyata keçirilməsini təsdiq edən dəstək məktubu təqdim edilə bilər. Sözügedən dəstək məktubunu əldə etmək məqsədilə proqram iştirakçısı Dövlət Proqramı İdarəetmə Qrupuna elektron qaydada (dpinfo@edu.gov.az) müraciət etməlidir.

Qeyd 2: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.