Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 218 nömrəli 1 iyun 2022-ci il tarixli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 2.1.3-ci yarımbəndinə uyğun olaraq, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının aylıq yaşayış xərclərini də əhatə edir.
Həmin Qaydanın 2.5-ci yarımbəndinə uyğun olaraq, aylıq yaşayış xərclərinə yataqxana və ya mənzil kirayəsi, qidalanma, tədris materialları ilə təminat və digər xərclər (şəhərdaxili nəqliyyatdan istifadə, telefon danışıqları və s.) aiddir. Bu xərclər proqram iştirakçısının tədris ilinin başlama və bitmə tarixləri üzrə təhsil aldığı ölkədə olduğu dövrü əhatə edir.
Eyni zamanda, proqram iştirakçısının aylıq yaşayış xərclərinin məbləği və valyutası bu Qaydanın əlavəsinə uyğun olaraq müəyyən edilir.
Aylıq yaşayış xərcləri proqram iştirakçısının təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş təhsilin başlama və bitmə tarixlərinin göstərildiyi sənədlər əsasında proqram iştirakçılarının bank hesablarına ödənilir.
*Qeyd: Sözügedən qeydiyyat-"enrollment" sənədi müvafiq səlahiyyətli şəxs tərəfindən imzalanmış və ya möhürlü və üzərində bu sənədin verilmə tarixi əks olunmuş olmalıdır. Sənəd rus, türk, ingilis dillərindən başqa digər dillərdə olduğu təqdirdə Azərbaycan və ya həmin dillərdən birinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmalıdır - nümunə;
Proqram iştirakçısı hər hansı səbəbə görə xarici ali təhsil müəssisəsinin olduğu ölkəyə xarici ali təhsil müəssisəsində tədrisin başlama tarixindən daha gec daxil olduqda və ya həmin xarici ali təhsil müəssisəsində daha gec qeydiyyatdan keçdikdə, onun aylıq yaşayış xərcləri gecikmə müddətinə uyğun olaraq azaldılır.
Qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.