“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktoranturada təhsil alan Azərbaycan Respublikası vətəndaşı hər tədris ilinin sonunda aşağıdakı qaydada qeydiyyatdan keçməli və hesabat təqdim etməlidir:
-
Hər tədris ili başa çatdıqdan sonra 10 (on) gündən gec olmayaraq tədris ili ərzində iş planının yerinə yetirilməsi barədə elmi rəhbərinin rəyini İdarəetmə Qrupuna təqdim etmək;
-
Hər tədris ili başa çatdıqdan sonra 10 (on) gündən gec olmayaraq aylıq yaşayış xərclərinin ödənilməsi üçün təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş təhsilin başlama və bitmə tarixlərinin göstərildiyi sənədləri aid olduğu hər tədris ilində İdarəetmə Qrupuna təqdim etmək;
-
Təhsil xərclərinin xarici ali təhsil müəssisəsinin bank hesabına köçürülməsi üçün ödənişlərin aid olduğu hər tədris ilində təsdiqedici sənədləri (hesab-faktura) İdarəetmə Qrupuna təqdim etmək və ya onun birbaşa Nazirliyə göndərilməsi üçün həmin xarici ATM-i məlumatlandırmaq;
Qeyd 1: Göstərilən sənədlər səliqəli şəkildə "skan” edilərək adlarına uyğun olaraq qeyd edilməli və elektron qaydada İdarəetmə Qrupuna (dpinfo@edu.gov.az) təqdim edilməlidir.
Qeyd 2: Göndərilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə tərəfimizdən təhsil aldığınız ali məktəbə sorğu göndəriləcəkdir.
Qeyd 3: Rus, türk, ingilis dillərindən başqa digər dillərdə olan sənədlər Azərbaycan və ya həmin dillərdən birinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmalıdır. Yalnız sənədləri tam şəkildə qeydiyyata alınmış şəxslərin növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinin ödənişi mümkün hesab olunur.
Qeyd 4: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.