Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 445 saylı 13 noyabr 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 2.1.5-ci yarımbəndinə uyğun olaraq, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının beynəlxalq nəqliyyat xərclərini də əhatə edir.
Həmin Qaydaların 2.7-ci yarımbəndinə uyğun olaraq, beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün bir dəfə təhsil aldığı ölkəyə gedişi və Azərbaycan Respublikasına gəlişi üçün təyyarə (“ekonom-sinif” üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir.
Gediş-gəliş biletləri
Proqrama yeni qəbul edilmiş və ya illik qeydiyyat-hesabatı başa vurmuş proqram iştirakçısı təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin İdarəetmə Qrupu (İQ) tərəfindən sifariş edilməsi üçün azı 1 (bir) ay əvvəlcədən səyahət edəcəyi istiqamətlər (misal üçün "Bakı-London-Bakı”) qeyd olunmaqla elektron qaydada (dpinfo@edu.gov.az) İQ-na müraciət etməlidir. Viza tələb olunan ölkə üzrə müraciət edən proqram iştirakçılsı müvafiq vizanın surətini də təqdim etməlidir.
İQ tərəfindən yalnız illik qeydiyyat-hesabatı təqdim etmiş proqram iştirakçısı üçün müvafiq tərəfdaş şirkətə biletlər sifariş verilir. Sifariş məktubları hazır olduqda bu barədə müraciət etmiş proqram iştirakçısının elektron poçt ünvanına bildiriş göndərilir.
Qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.