“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”sına əsasən xaricdə magistratura səviyyəsi üzrə proqram təhsil alacaq proqram iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə aparılır:
-
namizədin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);
-
namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
-
namizədin xarici ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;
-
namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması;
-
namizədin bakalavriat təhsil səviyyəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan yuxarı olması (və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin olunması);
-
namizədin xarici ali təhsil müəssisəsində təhsil alma bacarıqları barədə rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi və ya elmi müəssisə və təşkilatda çalışan professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü tərəfindən verilmiş tövsiyə məktubunun (namizəd əmək fəaliyyəti ilə məşğul olduğu halda, məktublardan biri onun işəgötürəni tərəfindən təqdim edilə bilər) surəti;
-
təhsil almaq istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları;
-
namizədin məntiqi mühakimə yeritmək bacarıqları;
-
namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.