Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 218 nömrəli 1 iyun 2022-ci il tarixli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın 2.1.4-ci yarımbəndinə uyğun olaraq, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının tibbi sığorta xərclərini də əhatə edir.
Həmin Qaydanın 2.7-ci yarımbəndinə uyğun olaraq, tibbi sığorta xərclərinə proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddəti ərzində tibbi sığortası üçün ödənilən icbari sığorta haqqı aiddir. Eyni zamanda fors-major hallarında (baş verən zəlzələ, yanğın, təbii fəlakət, müharibə və digər fövqəladə hallar) və ya proqram iştirakçısının təhsil aldığı ixtisas iki və ya daha artıq ölkənin ali təhsil müəssisəsində aparıldığı halda icbari tibbi sığorta üçün ödənilən sığorta haqqı da bu xərclərə aid edilir.
Tibbi sığorta xərclərinə proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddəti ərzində tibbi sığortası üçün ödənilən icbari sığorta haqqı aiddir. Eyni zamanda, fors-major hallarında (baş verən zəlzələ, yanğın, təbii fəlakət, müharibə və digər fövqəladə hallar) və ya proqram iştirakçısının təhsil aldığı ixtisas iki və ya daha artıq ölkənin ali təhsil müəssisəsində aparıldığı halda icbari tibbi sığorta üçün ödənilən sığorta haqqı da bu xərclərə aid edilir.
Tibbi sığorta xərcləri xarici ali təhsil müəssisəsi və ya tibbi sığortanın rəsmiləşdirildiyi sığorta şirkəti tərəfindən təqdim edilmiş hesab-faktura və ya digər sənədlər əsasında ödənilir.
Proqram iştirakçısının xərcləri özü tərəfindən ödənildiyi halda, həmin xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər, ödənişi təsdiq edən sənəd, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir.
Qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.