Beynəlxalq nəqliyyat xərcləri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 218 nömrəli 1 iyun 2022-ci il tarixli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın  2.1.5-ci yarımbəndinə uyğun olaraq, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının  beynəlxalq nəqliyyat xərclərini də əhatə edir.

Həmin Qaydanın 2.8-ci yarımbəndinə uyğun olaraq, beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün tədris ilinin əvvəlində bir dəfə təhsil yerinə gedişi və tədris ilinin sonunda Azərbaycan Respublikasına gəlişi üçün təyyarə (“ekonom-sinif” üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir. Forsmajor hallarda uçuşla bağlı icbari qaydada tələb olunan tədbirlərə görə xərclər beynəlxalq nəqliyyat xərclərinə aid edilir.

Proqram iştirakçısı üçün təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletləri proqram iştirakçısının özü tərəfindən əldə edilir, yaxud onun müraciəti əsasında İdarəetmə Qrupu tərəfindən biletlərin satışını həyata keçirən şirkətə sifariş olunur. Təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin İdarəetmə Qrupu tərəfindən sifariş edilməsi üçün proqram iştirakçısı azı 1 (bir) ay əvvəlcədən İdarəetmə Qrupuna müraciət etməlidir. İdarəetmə Qrupu tərəfindən sifariş edilmiş təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin dəyəri onların satışını həyata keçirən şirkətin təqdim etdiyi hesab-faktura əsasında ödənilir.

Proqram iştirakçısının xərcləri özü tərəfindən ödənildiyi halda, həmin xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər, ödənişi təsdiq edən sənəd, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir.

Gediş-gəliş biletləri

Proqrama yeni qəbul edilmiş və ya illik qeydiyyat-hesabatı başa vurmuş proqram iştirakçısı təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin İdarəetmə Qrupu (İQ) tərəfindən sifariş edilməsi üçün azı 1 (bir) ay əvvəlcədən səyahət edəcəyi istiqamətlər (misal üçün "Bakı-London-Bakı”) qeyd olunmaqla elektron qaydada (dpinfo@edu.gov.az) İQ-na müraciət etməlidir. Viza tələb olunan ölkə üzrə müraciət edən proqram iştirakçılsı müvafiq vizanın surətini də təqdim etməlidir.

İQ tərəfindən yalnız illik qeydiyyat-hesabatı təqdim etmiş proqram iştirakçısı üçün müvafiq tərəfdaş şirkətə biletlər sifariş verilir. Sifariş məktubları hazır olduqda bu barədə müraciət etmiş proqram iştirakçısının elektron poçt ünvanına bildiriş göndərilir.
 

Qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.