Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 445 saylı 13 noyabr 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 2.1.4-ci yarımbəndinə uyğun olaraq, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının tibbi sığorta xərclərini də əhatə edir.
Həmin Qaydaların 2.6-cı yarımbəndinə uyğun olaraq, tibbi sığorta xərclərinə proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddətindən artıq olmayan müddətə tibbi sığortası üçün ödənilən sığorta haqqı aiddir.
Tibbi sığorta xərcləri xarici ali təhsil müəssisəsi və ya tibbi sığortanın rəsmiləşdirildiyi sığorta şirkəti tərəfindən təqdim edilmiş hesab-faktura əsasında ödənilir.
Proqram iştirakçısının özü tərəfindən ödənilən xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura, bank sənədi, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir. Ətraflı keçiddə verilir.
Qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.