Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 445 saylı 13 noyabr 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 2.1.1-ci yarımbəndinə uyğun olaraq, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının viza və təhsil aldığı ölkədə qeydiyyat xərclərini də əhatə edir.
Həmin Qaydaların 2.4-ci yarımbəndinə uyğun olaraq, viza və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyat xərclərinə həmin ölkəyə vizanın rəsmiləşdirilməsinə görə tutulan rüsum, vizanın rəsmiləşdirilməsi ilə bağlı tibbi müayinə xərcləri və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyata alınması üçün tutulan haqq aiddir.
Proqram iştirakçılarının viza rüsumu və təhsil aldıqları ölkədə qeydiyyat xərcləri proqram iştirakçıları tərəfindən ödənilir.
Proqram iştirakçısının özü tərəfindən ödənilən xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura, bank sənədi, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir. Ətraflı keçiddə verilir.
Qeyd 1: Viza alınması zamanı müvafiq diplomatik nümayəndəlik tərəfindən proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsinin Dövlət Proqramı çərçivəsində həyata keçirilməsini təsdiq edən dəstək və ya zəmanət məktubu sorğu edilir. Sözügedən dəstək və zəmanət məktubunu əldə etmək məqsədilə proqram iştirakçısı Dövlət Proqramı İdarəetmə Qrupuna elektron qaydada (dpinfo@edu.gov.az) müraciət etməlidir.
Qeyd 2: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.