• 03.06.2022
  • 105
BMU-İNHA İDP-yə dair "Zirvə" liseyində təqdimat

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı ilə bağlı orta məktəblərdə davam edən maarifləndirmə tədbirləri çərçivəsində daha bir görüş Zirvə liseyində baş tutub.

Təqdimatda BMU-İNHA ikili diplom proqramının üstünlükləri və imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, 3+1 modelinə əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə Koreya Respublikasının İnha Universitetində təhsil alacaq və onların 4 illik təhsil xərcləri tam olaraq Dövlət Proqramı tərəfindən qarşılanacaq. Təhsillərinin sonunda iki diplom əldə edən tələbələr magistratura və doktorantura təhsillərini Koreya Respublikasında təqaüdlə davam etdirmək imkanı qazanacaqlar. Bununla yanaşı, proqrama müraciət qaydaları, qəbul şərtləri barədə zəruri informasiyalar da məktəblilərin diqqətinə çatdırılıb.

Sonra Liseyin direktor müavini Yaşar Zeynalov çıxış edib və məlumat sessiyasının təşkil olunmasına görə minnətdarlığını bildirib. Liseyin sonuncu sinif şagirdlərinin BMU-da təhsil almasının üstün cəhətlərini önə çəkən direktor müavini ikili diplom proqramını onlar üçün yaradılan şans kimi qiymətləndirib, məktəblilərə bu fürsətdən yararlanmağı tövsiyə edib.