13-20 Mart tarixlərində Sinqapurda keçirilən beynəlxalq “Singapore Autonomous Underwater Vehicle Challenge (Sinqapur Avtonom Sualtı Vasitə Müsabiqəsi)” “SAUVC 2025 (SASVM 2025)” yarışmasında Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) Elektrik mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Leyla Allahverdiyeva "Deep Divers" komandasının üzvü kimi yarışda iştirak edərək Azərbaycanı layiqincə təmsil edib.
"SAUVC 2025" yarışmasına 20-dən çox ölkənin 60-dan çox komandası qatılaraq süni intellekt və sualtı robot texnologiyalarında əldə etdikləri mühüm nailiyyətləri sərgiləyiblər. Azərbaycan da bu beynəlxalq müsabiqənin iştirakçıları arasında yer alıb və ölkəmizi yalnız 5 üzvdən ibarət bir komanda təmsil edib. Komanda üzvlərindən biri, BMU-İNHA İDP-nin tələbəsi olaraq, innovativ yanaşma və müasir texnoloji bacarıqlarını beynəlxalq səhnədə nümayiş etdirib, bu sahədəki qabaqcıl bilik və bacarıqlarını sınaqdan keçirib. Bu iştirak, həmçinin ölkəmizin yüksək texnologiya sahəsindəki inkişafını və beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir.
Layihənin məqsədi süni intellektə əsaslanan tam avtonom sualtı aparatın hazırlanması olub. Cihaz verilmiş tapşırıqları insan müdaxiləsi olmadan yerinə yetirmək üçün sensorlar, görüntüləmə sistemləri və daxili alqoritmlərlə təchiz edilib. Layihənin əsas texniki istiqamətləri naviqasiya, kompüter görməsi, sualtı obyekt aşkarlanması və real zamanlı qərarvermə sistemlərini əhatə edib.
Bu beynəlxalq yarış təkcə texnologiya sahəsində deyil, həm də elmi və sosial istiqamətdə önəmli rol oynayır. "SAUVC 2025 (SASVM 2025)" STEAM Azərbaycan və BMU Texnopark əməkdaşlığı çərçivəsində reallaşan bir uğur nümunəsidir. Bu yarışlar süni intellekt və robot texnologiyalarının real həyatda tətbiqini sınaqdan keçirmək, gənc mühəndisləri bu sahəyə cəlb etmək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək baxımından vacibdir.
BMU-İNHA İDP-nin tələbəsi "SAUVC 2025 (SASVM 2025)"-də yeni bilik və bacarıqlar qazanaraq, mühüm sahələrdə tətbiq olunacaq texnologiyaları praktik olaraq yoxlamaq imkanı əldə edib.