ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin builki sonuncu görüşü dekabrın 19-u Bakıda, ADA Universitetində keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, Elm və Təhsil Nazirliyinin Dövlət Proqramının İdarəetmə Qrupunun, həmçinin ADA Universitetinin və Corc Vaşinqton Universitetinin nümayəndələri iştirak ediblər.
Rəhbər Komitə iclasında 2020-ci ildən bəri təklif olunan ikili diplom proqramlarının ümumi nəticələri, məzunların məşğulluq statistikası, hazırda təhsil alan tələbələrin məsələləri müzakirə olunub. Məşğulluq statistikasına baxış zamanı məlum olub ki, məzunların böyük əksəriyyəti proqramı bitirdikdən sonra karyera yüksəlişinə nail olublar.
Tələbələrin ABŞ-dəki semestrlərinin təşkilati məsələləri də ətraflı danışılıb. Bundan əlavə, 2025-ci ildən etibarən tədris edilməsi planlaşdırılan yeni magistratura ixtisası-Kompüter Mühəndisliyi və Yüksək Performanslı hesablamalar barədə məlumat verilib.
İclasda müzakirə olunan əsas məsələlərdən biri də Dövlət Proqramı vasitəsilə Universitetin inkişafı üçün görülmüş və planlaşdırılan işlərin müzakirəsi olub. Əsas diqqət mərkəzində olan məsələ mövcud pedaqoji heyətin gücləndirilməsi və yeni elmi-pedaqoji kadrların hazırlanması olduğu bildirilib. Bu məqsədlə, gənc kadrların doktorantura proqramlarına cəlb edilməsi istiqamətində işlərin aparıldığı müzakirə olunub.
Bundan əlavə, ADA Universiteti və Corc Vaşinqton Universitetlərinin birgə ikili diplom proqramlarının builki akkreditasiya qiymətləndirilməsində “əsasən uyğundur” kimi qiymətləndirildiyi ifadə olunub.
Xatırladaq ki, ADA Universiteti Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq edərək ikili diplom proqramları təklif etməyə 2020-ci ildən etibarən başlayıb. Kompüter elmləri və Data analitikası, eləcə də Elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom təqdim edən magistr proqramlarına indiyə qədər ümumilikdə 121 tələbə qəbul edilib. Qeyd edilən magistr proqramları “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.
Əlavə edək ki, ikili diplom proqramları üzrə uğurlu təcrübəsini və bu proqramlar vasitəsilə gənclərin qazandığı bilik və praktikanı nəzərə alan ADA Universiteti müəllim heyətinin yetişdirilməsi istiqamətində də Corc Vaşinqton Universiteti ilə əməkdaşlığını genişləndirib, özünün ilk doktornatura proqramına start verib. Proqrama qəbul 2025-ci ildən aparılacaq.