Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi ikili diplom proqramının Elektrik və Elektronika mühəndisliyi ixtisasları üzrə müəllimi Hamed Kagazçı proqramda təhsil almağın üstünlükləri barədə məlumat verib.
H.Kagazçı qeyd edib ki, elektronika sahəsi də günümüzdə ən çox tələbat duyulan sahələrdən biridir və bu ixtisasa elektrik dövrələrinin, elektron avadanlıqların quruluşu, dizaynı, təmiri və s. aiddir: “Bakı Mühəndislik Universitetində bu iki ixtisasa aid energetika, elektrotexnika, analoq elektronika, rəqəmsal elektronika laboratoriyaları yüksək səviyyədə avadanlıqlarla təchiz olunub. Bizim bu 2 ixtisas üzrə təhsil alan tələbələrimiz 3 il müddətində bu laboratoriyalardan istifadə edərək, nəzəriyyədə öyrəndikləri mövzuları daha dərindən mənimsəyə biləcəklər”.
H.Kagazçı BMU-İNHA İDP tələbələrinin təhsillərini sonuncu kursda Koreya Respublikasında davam etdirməsinə də münasibət bildirib: “Tələbələrin 1 il müddətində Koreya Respublikasında “LG” və “Samsung” kimi nəhəng şirkətləri ilə tanış olmaq füsrətləri olacaq və ola bilsin ki, savadlı tələbələrimiz elə bu şirkətlər tərəfindən işlə təmin olunsunlar”.
Qeyd edək ki, BMU ilə İNHA Universiteti arasında 2020-ci ildən həyata keçirilən birgə ikili diplom proqramı üzrə "Elektrik mühəndisliyi", "Elektronika mühəndisliyi", "İnformasiya texnologiyaları" və "İnşaat mühəndisliyi" ixtisaslarında bakalavr hazırlığı yeni tədris ilində də davam etdirilir. 4 il müddətində ingilis dilində həyata keçiriləcək bakalavriat proqramına qeyd olunan ixtisaslar üzrə ümumilikdə 123 nəfərin ("İnformasiya texnologiyaları" - 35 nəfər, "İnşaat mühəndisliyi" - 25 nəfər, "Elektrik mühəndisliyi" - 28 nəfər, "Elektronika mühəndisliyi" - 35 nəfər) qəbulu planlaşdırılır.