• 06.06.2022
  • 3707
2022/2023-cü tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu açıq elan edilir

Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı təsdiq edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq seçim meyarları və prosedurları nəzərə alınmaqla, 2022/2023-cü tədris ili üçün xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsi üçün sənəd qəbulu açıq elan edilir. Müvafiq elan mətni ilə keçiddən tanış olmaq olar.

Məlumat üçün bildiririk ki, bir müddət öncə 2022-2023-cü tədris ili üçün “2022-2026 Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısıictimaiyyətə təqdim edilmişdi. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz yuxarıdakı keçiddə yer alan universitetlərin birindən müvafiq prioritet sahə üzrə qəbul sənədinin əldə edilməsidir.

Namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə namizəd tələb olunan sənədlərin skan edilmiş surətini elektron ərizə sistemində “Şəxsi kabinet” yaradaraq əlavə edib, elektron ərizəni təsdiq etməlidir. Müvafiq Seçim Qaydalarının tələblərinə uyğun olan namizədlərin müraciətləri dəyərləndiriləcək və müsbət qiymətləndirilən namizədlər aidiyyəti üzrə növbəti mərhələyə buraxılacaq. Müsahibə mərhələsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir.  Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar verilir.

Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcəkdir.

Sənəd qəbulu üçün son tarix 26 iyun 2022-ci il / 23:59 (Bakı vaxtı ilə) müəyyən edilib.