Dövlət Proqramıİdarəetmə Qrupu
“2022-2026 Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul həyata keçirilmir. Yalnız xarici ali təhsil müəssisələrinə qəbul olunmuş və yaxud artıq orada təhsil alan tələbələr təhsil xərclərinin “2022-2026 Dövlət Proqramı” çərçivəsində qarşılanması məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupuna (DPİQ) müraciət edə bilərlər.
Müvafiq qaydalara əsasən, namizəd cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması əsas meyarlardan biridir.
Müvafiq qaydalara əsasən, namizəd xaricdə ali təhsil aldıqda aldığı təhsilin kvalifikasıyasının tanınması vacibdir və müvafiq şəhadətnamə sənədi təqdim olunmalıdır.
Proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə hər tədris ilinin hər semestrinin başlamasına azı 6 (altı) ay qalmış Elm və Təhsil Nazirliyinin və Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi internet saytında yerləşdirilir.
Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
“2022-2026 Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul həyata keçirilmir. Yalnız xarici ali təhsil müəssisələrinə qəbul olunmuş və yaxud artıq orada təhsil alan tələbələr təhsil xərclərinin maliyyələşdirilməsi məqsədilə Dövlət Proqramına müraciət edə bilərlər.
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamın 6.1-ci yarımbəndinə əsasən, ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun 15 prioritet ixtisas sahələri müəyyən edilmişdir. Elm və Təhsil Nazirliyi tərəfindən "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 2024-2025-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı müəyyən edilmişdir. Sözügedən Dövlət Proqramına yalnız həmin siyahıda yer alan təhsil proqramlarından hər hansı birinə qəbul almış namizədlər müraciət edə bilər. Siyahı ilə keçiddən tanış ola bilərsiniz.
Müvafiq qaydalara əsasən, namizədin təhsil alacağı və ya aldığı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALP, DUOLİNGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması vacibdir.
Müvafiq qaydaların 2.2.5-ci bəndinə əsasən, namizədin bakalavriat təhsil səviyyəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisinin təşkili Qaydaları”na əsasın müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 81 bal və ya ondan yuxarı olması (və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin olunması) seçim prosesinin əsas meyarlarından biridir. Əgər namizəd “Yüksəliş” müsabiqəsinin qalibidirsə, sözügedən tələbdən azad olur.
“Yüksəliş” müsabiqəsinin qalibi olmuş namizədlərin ÜOMG meyarı üzrə qiymətləndirilməsi aparılmır və müsahibə mərhələsində iştirak etmədən digər meyarlara uyğunluğu yoxlanıldıqdan sonra proqram iştirakçısı seçilirlər.
“2022-2026 Dövlət Proqramı”na müraciət etmək üçün tələb olunan sənədlərin siyahısı müvafiq elandan və Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair “2022–2026 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”larının 3.2.2-ci bəndindən əldə edilə bilər.
Müvafiq qaydalara əsasən, sənədlər ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu təqdirdə Azərbaycan dilinə tərcümə olunaraq notariat qaydasında təsdiq edilməlidir.
“2022-2026-cı illər üzrə Dövlət Proqramı” na sənədlərin qəbulu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" Elektron Ərizə Sistemi” (bundan sonra – elektron ərizə) üzərindən həyata keçirilir. Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra namizəd üçün Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi internet saytından girişi olan elektron şəxsi kabinet yaradılır və bütün sənədlər və məlumatlar sözügedən elektron kabinet və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə təqdim edilir.
Elektron şəxsi kabinetə daxil olmaq üçün mənə təqdim olunan istifadəçi adı və parolu unutduğunuz təqdirdə “şifrəmi unutmuşam” düyməsini seçərək şifrənizin bərpası üçün tələb olunan müvafiq xanalara qeydiyyatdan keçdiyiniz e-poçt ünvanınızı daxil etməlisiniz. Daha sonra e-poçt ünvanınıza göndərilmiş keçid vasitəsilə şifrənizi bərpa edə biləcəksiniz.
Tələb olunan sənədlər poçtla və elektron poçtla deyil, yalnız Dövlət Proqramı İdarəetmə Qrupunun səhifəsində elektron ərizə təsdiq edildikdən sonra namizəd üçün yaradılmış elektron şəxsi kabinet vasitəsilə ilə təqdim edilməlidir. Poçt və ya elektron poçtla göndərilən sənədlər DPİQ tərəfindən qiymətləndirilmir.
“2022-2026-cı illər üzrə Dövlət Proqramı” na sənədlərin qəbulu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" Elektron Ərizə Sistemi” (bundan sonra – elektron ərizə) üzərindən sənəd qəbulu həyata keçirilir. Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədləri qəbul olunan namizədlər II mərhələdə müvafiq müsahibədə iştirak edirlər.
Müvafiq qaydalara əsasən, müsahibə “2022-2026 Dövlət Proqramı”na qəbul prosesinin mühüm mərhələsi olduğundan iştirak mütləqdir.
“Yüksəliş” müsabiqəsinin qalibi olmuş namizədlər müsahibə mərhələsində iştirak etmədən sənədləri yoxlanıldıqdan sonra meyarlara uyğunluqlarının qiymətləndirilməsinin nəticələrinə görə proqram iştirakçısı seçilirlər.
Müsahibə mərhələsində ekspertlər tərəfindən namizədin təhsil almaq istədiyi ixtisas üzrə bilik və bacarıqları, məntiqi mühakimə yeritmək və kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti qiymətləndirilir.
Dövlət Proqramının müsahibənin keçirilməsi qaydalarına əsasən, yalnız üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə, təyin edilmiş müsahibə tarixinə ən azı 1 (bir) iş günü qalmış Dövlət Proqramı İdarəetmə Qrupuna (dp22-26@edu.gov.az ünvanına) bu barədə məlumat vermək tələb olunur.
Müsahibə Azərbaycan dilində və (və ya) proqram iştirakçısının xarici ölkədə təhsil alacağı müvafiq tədris dilində keçirilir.
Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanır.
Müsahibə nəticələrinə görə proqram iştirakçılarının sayı ayrılmış təhsil yerlərinin sayından çox olduqda təhsil yerləri ilk növbədə “Yüksəliş” müsabiqəsinin qalibləri arasında bölüşdürülür, qalan təhsil yerləri isə namizədlərin yekun müsahibə qiymətlərinə uyğun olaraq ən yüksəkdən başlayan sıralama ilə müəyyən edilir.
Müsahibə balı eyni olan iştirakçıları müvafiq qaydaların 4.20.1-4.20.6-cı bəndlərinə uyğun olaraq əlavə göstəricilərdən istifadə edilir.
Müsahibə zamanı namizədin müraciətində və sənədlərində saxtakarlıq halı müşahidə olunduqda, müsahibəyə təyin olunan vaxtda gəlmədikdə və ya qoşulmadıqda, üzrlü səbəb olmadan müsahibəni tərk etdikdə, üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə, təyin edilmiş müsahibə tarixinə azı 1 (bir) iş günü qalmış DPİQ-ə bu barədə məlumat vermədikdə və ya namizəd 2-ci dəfə onun üçün təyin olunmuş vaxtda müsahibədə iştirak edə bilmədikdə onunla keçiriləcək müsahibə ləğv oluna bilər.
Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra məlumatların tamlığı qanunla müəyyən edilmiş müddətdə yoxlanılır. Elektron şəxsi kabinetə ərizə və ya sənədlərin natamamlığı və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra namizəd 3 (üç) iş günü ərzində onların tamlığını təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra 30 gün ərzində əsasən namizədin seçim meyarlarına uyğunluğunun qiymətləndirilməsi aparılır və namizədin müsahibəyə buraxılması, yaxud müsahibəyə buraxılmaması barədə məlumat onun elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.
Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşlarından və cəlb edilmiş mütəxəssislərdən formalaşdırılır. Müsahibə zamanı audio və video yazı aparılır.
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının aşağıdakı xərclərini əhatə edir: təhsil xərcləri, viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri, aylıq yaşayış xərcləri, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat xərcləri, bank və plastik kart xərcləri.
“2022-2026 Dövlət Proqramı” çərçivəsində proqram iştirakçısının xaricdə təhsili zamanı ailə üzvlərinin yaşayış, nəqliyyat, sığorta, viza və yaxud digər xərclərinin maliyyələşdirilməsi nəzərdə tutulmamışdır.
Proqram iştirakçılarının təhsilinin maliyyələşməsi Dövlət proqramına qəbulun aparıldığı cari tədris ili üçün aparılır. Elm və Təhsil Nazirliyi və proqram iştirakçısı arasında bağlanılan müqavilə əsasında maliyyələşmə müddəti həmin cari tədris ilindən etibarən qeyd edilir. Proqram iştirakçısı ali təhsil müəssisəsinin təhsil haqqını özü ödədiyi təqdirdə, həmin məbləğ geri ödənilir, cari tədris ilindən əvvəlki illər üzrə ödənilmiş təhsil haqqı isə ödənilmir.
Proqram iştirakçısının hər semestr və tədris ili başa çatdıqdan sonra tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə müvafiq arayış və qiymət cədvəlinə (transkript) əsasən akademik borcu olduğu müəyyən edildikdə, proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi həmin hal aradan qaldırılanadək Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən dayandırılır. Proqram iştirakçısının akademik borcları aradan qaldırıldığı tarixdən onun maliyyələşdirilməsi bərpa edilir.
Təhsilalanların aylıq yaşayış xərcləri “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qayda”sına əlavədə yer alan xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının aylıq yaşayış xərcləri ilə bağlı aylıq xərc normalarına əsasən hesablanır.
“2022-2026 Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ əldə etdikdən sonra hər bir proqram iştirakçısı Elm və Təhsil Nazirliyi tərəfindən “DP 2022-2026 Təqaüd Kartı” ilə təmin olunur. Dövlət Proqramına qəbul olunan proqram iştirakçısı təhsil yerinə getdikdən və təhsilə başladığını təsdiq edən müvafiq sənədləri Dövlət Proqramı İdarəetmə Qrupuna təqdim etdikdən sonra müvafiq təqaüd kartı istifadə üçün aktivləşdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 218 nömrəli 1 iyun 2022-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qayda”sına əlavədə”larına uyğun olaraq sənədlərin Dövlət Proqramına təqdim edilməsindən başlanılır və sözügedən sənədin alınmasında proqram heç bir səlahiyyət daşımır.
Bildiririk ki, “2022-2026 Dövlət Proqramı” çərçivəsində xarici ölkələrdə dil və ya hazırlıq (foundation) kursları maliyyələşdirilmir.
Müvafiq qaydalara uyğun olaraq xarici ali təhsil müəssisəsində təhsilinin normativ müddətinin yarısından artıq müddətini başa vuran şəxslər “2022-2026 Dövlət Proqramı” na müraciət edə bilməz.
Müvafiq qaydalara uyğun olaraq, xarici ali təhsil müəssisəsində təhsil alan tələbə təhsilinin qalan hissəsinin Dövlət Proqramı çərçivəsində maliyyələşməsi üçün müraciət edə bilər.
Müvafiq qaydalara əsasən, təhsil almaq istədiyiniz və ya təhsil aldığınız ixtisasın tədrisi iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, həmin müəssisələr Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ali təhsil müəssisələrinə uyğun olmalıdır.
“2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə magistratura səviyyəsi üzrə təhsil yalnız əyani formada təhsil alan və ya almağı planlaşdıran namizədlər üçün nəzərdə tutulmuşdur.
“2022-2026 Dövlət Proqramı”nı tənzimləyən normativ-hüquqi sənədlərdə namizədlərə sosial statusuna görə güzəştlər və ya imtiyazların tətbiq olunması nəzərdə tutulmamışdır.
Namizəd hərbi mükəlləfiyyətlidirsə, namizədin hərbi bileti, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək ona müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin verildiyini və ya çağırışdan azad edildiyini təsdiq edən arayış olmalıdır.
“2022-2026 Dövlət Proqramı”na müraciət zamanı yaş həddi meyarı tətbiq edilmir.
Müvafiq qaydalara əsasən, Dövlət sifarişi və ya Dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssislərində, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsi üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri (hökümətlərarası təqaüd proqramları) çərçivəsində xarici ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə təhsilini başa vurmuş şəxslər eyni təhsil səviyyəsi üzrə proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməz.
MBA proqramının “2022-2026 Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmayıb.