• 19.11.2026
  • 56
Vorvik Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib
16 noyabr tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin təşəbbüsü və Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə Vorvik Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib.
 
Görüşdə Səfirliyin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov iştirak edib. Görüşün əsas müzakirə mövzuları xaricdə təhsil alan azərbaycanlı gənclərin beynəlxalq akademik mühitdə ölkəmizi təmsil etməsi, Azərbaycanın elmi və mədəni potensialının tanıdılması, eləcə də tələbələrin bu istiqamətdə təşəbbüskarlığının artırılması olub.
 
Müzakirələr zamanı təqaüdçülərin universitetin akademik və sosial həyatında fəal iştirakı, beynəlxalq tələbə təşkilatlarında təmsil olunması və müxtəlif ölkələrdən olan gənclərlə əlaqələrinin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bu fəaliyyətlərin Azərbaycanın beynəlxalq akademik mühitdə tanıdılması və ölkəmiz haqqında məlumatlılığın artırılması baxımından əhəmiyyəti vurğulanıb.
 
Bununla yanaşı, universitet daxilində Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişaf istiqamətlərini əks etdirən tədbirlərin təşkili, milli bayramların və əlamətdar günlərin qeyd olunması, eləcə də mədəniyyətlərarası dialoqu təşviq edən təşəbbüslərdə azərbaycanlı tələbələrin iştirakının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
 
Görüş zamanı təqaüdçülərin həyata keçirməyi planlaşdırdıqları milli-mədəni tədbir və təşəbbüslərə Səfirlik tərəfindən göstərilə biləcək dəstək imkanları, eləcə də onların xaricdə təhsil müddətində qarşılaşa biləcəkləri potensial çətinliklərin həlli üçün mövcud mexanizmlər barədə məlumat verilib.
 
Sonda iştirakçıların sualları cavablandırılıb və səsləndirdikləri təkliflər dinlənilib.
Qalereya