• 17.11.2026
  • 14
Dövlət Proqramı təqaüdçüsü “Yale” Universitetində çalışmağa başlayıb

Dövlət Proqramı çərçivəsində ABŞ-nin “Yale” Universitetində “Beynəlxalq inkişaf iqtisadiyyatı” ixtisası üzrə magistratura təhsili alan Həmid Həşimzadə universitetin İqtisadiyyat Departamenti və İqtisadi İnkişaf Mərkəzində tədqiqatçı assistenti kimi fəaliyyətə başlayıb.

Dövlət Proqramı təqaüdçüsü yeni akademik vəzifəsi çərçivəsində inkişaf iqtisadiyyatı sahəsində aparılan elmi araşdırmalara cəlb olunub. O, hazırda universitetin professoru ilə birgə XX əsrdə ABŞ-də qəbul edilmiş ayrı-seçkiliyə qarşı qanunvericilik aktlarının ölkənin əmək bazarına təsirini araşdırır. Tədqiqatın əsas məqsədi sözügedən qanunların məşğulluq imkanlarına, əmək bazarında bərabərliyin təmin olunmasına və müxtəlif sosial qrupların iqtisadi vəziyyətinə təsirini müəyyənləşdirməkdir.

Həmid Həşimzadənin sözlərinə görə, “Yale” Universitetində tədqiqat fəaliyyətinə başlaması ona magistratura təhsili müddətində əldə etdiyi nəzəri bilikləri praktiki elmi araşdırmalarda tətbiq etmək, müasir tədqiqat metodlarından istifadə bacarıqlarını təkmilləşdirmək və beynəlxalq akademik mühitdə təcrübə qazanmaq imkanı yaradır. Eyni zamanda universitetin professorları ilə birbaşa əməkdaşlıq onun müstəqil tədqiqatçı kimi formalaşması və gələcək akademik fəaliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Təqaüdçümuz uzunmüddətli peşəkar hədəfləri sırasında beynəlxalq akademik mühitdə əldə etdiyi bilik və təcrübəni Azərbaycanın iqtisadi inkişafına töhfə verəcək elmi araşdırmalarda tətbiq etməyi xüsusi qeyd edib. O, gələcəkdə ölkəmizdə əmək bazarının inkişafı, insan kapitalının gücləndirilməsi və səmərəli iqtisadi siyasətlərin formalaşdırılması istiqamətində tədqiqatlar aparmağı planlaşdırır.