Böyük Britaniyanın London şəhərində yerləşən “King's College London” universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Birlik irsi: Birgə təsir üçün gənclər dialoqu” adlı tədbir keçirilib. Tədbirdə Dövlət Proqramı təqaüdçüləri spiker qismində iştirak edərək beynəlxalq akademik mühitdə qazandıqları təcrübələri və Azərbaycanın xaricdə təmsil olunması istiqamətində həyata keçirdikləri təşəbbüsləri bölüşüblər.
Tədbir Böyük Britaniyanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələri, Dövlət Proqramı təqaüdçülərini, gənc mütəxəssisləri, diaspora nümayəndələrini və akademik ictimaiyyətin təmsilçilərini bir araya gətirib. İştirakçılar arasında Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və Kembric Universitetinin professoru, tanınmış azərbaycanlı alim Qərib Mürşüdov da yer alıblar.
Tədbirdə çıxış edən səfir Elin Süleymanov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən danışıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib, xalqımızın birlik və həmrəyliyinin bu tarixi nailiyyətdəki rolu vurğulanıb. Səfir həmçinin xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi və diaspora fəaliyyətində fəallığın vacibliyini diqqətə çatdırıb.
Tədbirin davamında keçirilən gənclər dialoqunda Dövlət Proqramı təqaüdçüləri Cəvahir Ələkbərli və Tofiq Şəhniyarov spiker qismində çıxış ediblər. Qeyd edək ki, Cəvahir “University of Southampton”, Tofiq isə “Middlesex University”də doktorantura təhsili alır.
Dövlət Proqramı iştirakçıları çıxışlarında xaricdə təhsil müddətində qazandıqları akademik təcrübələrdən, beynəlxalq mühitdə Azərbaycanın təmsil olunması istiqamətində gördükləri işlərdən və bu sahədə davam etdirdikləri təşəbbüslərdən bəhs ediblər. Onlar xaricdə təhsil alan gənclərin yalnız akademik nailiyyətlər əldə etməklə kifayətlənməyərək universitet və tələbə icmalarında fəal iştirak etməsinin, Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında məlumatların beynəlxalq auditoriyaya çatdırılmasının əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə baş tutub.