Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) təşkilatçılığı ilə beynəlxalq ikili diplom proqramlarının icrası üzrə strateji məsələlərin müzakirəsi və maliyyə məsələlərinə dair təlimat kitabçasının təqdimatı məqsədilə görüş keçirilib.
Görüşdə DPİQ-in, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF), həmçinin beynəlxalq ikili diplom proqramlarını həyata keçirən yerli ali təhsil müəssisələrinin rəhbər şəxsləri və proqramların idarəetmə komandalarının üzvləri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən DPİQ-in rəhbəri Qədir Xəlilov görüşün məqsədi, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində müəyyən edilmiş əsas prioritetlər və qarşıda duran strateji vəzifələr barədə məlumat verib.
Ardınca Azərbaycan Respublikası Dövlət Neft Fondunun Strateji layihələr departamentinin müdiri Əli Sultanlı çıxış edərək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi mexanizmləri və bu istiqamətdə tərəflər arasında əməkdaşlığın təşkili məsələlərinə toxunub.
Görüş çərçivəsində DPİQ-in Beynəlxalq ikili diplomlar şöbəsinin müdiri Aytən Şadlinskaya İdarəetmə Qrupu tərəfindən hazırlanmış maliyyələşmə məsələlərinə dair təlimat kitabçasını təqdim edib. Təqdimat zamanı proqramların maliyyələşdirilməsi prosedurları, müvafiq sənədlərin hazırlanması qaydaları, maliyyə hesabatlılığına dair tələblər və bu proseslərin həyata keçirilməsi ilə bağlı əsas məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, ADA Universiteti, Bakı Dövlət Universiteti və Qarabağ Universitetinin nümayəndələri iştirak ediblər.
Tədbirin yekununda Dövlət Proqramı İdarəetmə Qrupu və Dövlət Neft Fondunun nümayəndələrinin iştirakı ilə sual-cavab sessiyası təşkil olunub. Sessiya zamanı proqramların idarəetmə komandalarının təlimat kitabçasının tətbiqi və ikili diplom proqramlarının icrası ilə bağlı sualları cavablandırılıb və irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.