Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə beynəlxalq ikili diplom proqramlarının əsas hədəfləri sırasında qabaqcıl elmi nailiyyətlərdən və innovativ təlim-tədris texnologiyalarından yararlanmaqla yeni nəsil mütəxəssislərin hazırlanması, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi və transmilli təhsil modelinin Azərbaycanda tətbiqi yolu ilə uğurlu nəticələrin əldə edilməsi müəyyən edilib.
Dövlət Proqramı çərçivəsində icra olunan beynəlxalq ikili diplom proqramlarından biri olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında “Bərpa olunan enerji mənbələri” ixtisaslaşması üzrə həyata keçirilən İkili Diplom Proqramının Rəhbər Komitəsinin 6-cı görüşü distant formatda keçirilib.
Görüşə Rəhbər Komitənin həmsədrləri – ADNSU-nun rektoru Rüfət Əzizov və Vorvik Universitetinin (WMG) təhsil üzrə prodekanı Cil Kuk həmsədrlik ediblər. İclasda Rəhbər Komitənin üzvü, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, eləcə də ADNSU və Vorvik Universitetinin akademik və inzibati rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı əvvəlki Rəhbər Komitə iclasında qəbul edilmiş qərarların icra vəziyyəti, 2026-cı il üzrə illik maliyyə təklifi, xərc tələbləri və hesabatlılıq mexanizmləri, proqramdan məzunolma planı müzakirə olunub.
Eyni zamanda, proqramın davamlılığı, gələcək qəbullar və institusional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşün yekununda illik hesabat, qəbul edilmiş qərarlar, eləcə də növbəti Rəhbər Komitə iclası ilə bağlı məsələlər nəzərdən keçirilib.