• 16.10.2026
  • 29
AZAL ilə Dövlət Proqramı təqaüdçüləri üçün güzəşt imkanları müzakirə olunub

Dövlət Proqramı iştirakçılarının beynəlxalq səfərlərinin təşkili ilə bağlı AZAL ilə əməkdaşlıq imkanları müzakirə olunub.

 

Dövlət Proqramı İdarəetmə Qrupu ilə “Azərbaycan Hava Yolları” (AZAL) arasında keçirilən görüşdə xaricdə təhsil alan tələbələrin beynəlxalq səfərlərinin daha əlverişli şərtlərlə təmin edilməsi və bu məqsədlə korporativ əməkdaşlığın qurulması məsələləri nəzərdən keçirilib.

 

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu məqsədlər və qurumun əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Həmçinin Proqram iştirakçılarının beynəlxalq səfərləri üzrə xərclərin maliyyələşdirilməsi qaydaları və tətbiq olunan mexanizmlər barədə məlumat təqdim edib.

 

AZAL nümayəndələrinin şirkətin korporativ müştərilər üçün təklif etdiyi imkanlarla bağlı təqdimatı əsasında tələbələrə şamil oluna biləcək güzəştlər müzakirə edilib. Xüsusi tarif və endirimlərdən istifadə, əlavə baqaj imkanlarının təmin olunması, biletlərin dəyişdirilməsi və ləğvi zamanı daha çevik şərtlərin tətbiqi, habelə digər mümkün güzəştlər müzakirələrin əsas istiqamətlərini təşkil edib.

 

Tərəflər görüşdə səsləndirilən təkliflərin dəyərləndirilməsi və gələcək tərəfdaşlıq imkanlarının inkişaf etdirilməsi üçün müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.