• 14.10.2026
  • 24
Koç Universiteti ilə akademik əməkdaşlıq gücləndirilir

Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) ilə Türkiyə Respublikasının Koç Universiteti arasında akademik tərəfdaşlıq imkanlarının müzakirəsinə dair görüş keçirilib.

 

Görüşdə DPİQ-in rəhbəri Qədir Xəlilov və universitetin tələbə qəbulu üzrə direktoru Başak Yalman, eləcə də beynəlxaq tələbə qəbulu üzrə baş mütəxəssis Çağrı Yaşaroğlu iştirak ediblər.

 

Müzakirələr zamanı Koç Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının hazırlanması potensial tərəfdaşlıq istiqamətlərindən biri kimi nəzərdən keçirilib. Birgə proqramların əhatə edə biləcəyi sahələr və onların həyata keçirilməsi üçün əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

 

Dövlət Proqramının 15 prioritet ixtisas istiqaməti üzrə akademik tərəfdaşlığın genişləndirilməsi də müzakirə mövzularından olub. Belə ki, universitetin tədris imkanlarından yararlanmaqla namizədlərə uyğun proqramlar üzrə daha geniş seçim imkanlarının yaradılması nəzərdən keçirilib. Bununla yanaşı, hazırda universitetdə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin akademik göstəricilərinin mütəmadi izlənilməsi və monitorinqin səmərəliliyinin artırılması üzrə yanaşmalar bölüşülüb.

 

Həmçinin Dövlət Proqramı məzunlarının gələcək birgə akademik və peşəkar layihələrdə iştirakının təşviqi də gündəliyin əsas məsələlərindən biri olub.

 

Tərəflər tələbə və məzunlarla işin əlaqələndirilməsi, tərəfdaşlığın inkişafı və yeni təşəbbüslərin hazırlanması üzrə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.