• 05.10.2026
  • 26
Türk Hava Yolları ilə Dövlət Proqramı iştirakçıları üçün səyahət imkanlarının genişləndirilməsi müzakirə olunub

Dövlət Proqramı İdarəetmə Qrupu ilə Türk Hava Yolları arasında görüş keçirilib.

 

Görüşün əsas məqsədi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan tələbələrin beynəlxalq səfərlərinin daha əlverişli şərtlərlə təşkili və tərəflər arasında korporativ əməkdaşlıq imkanlarının dəyərləndirilməsi olub.

 

Görüş zamanı Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov Dövlət Proqramının məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, proqram çərçivəsində xaricdə təhsil alan tələbələrin beynəlxalq səfərlərinin maliyyələşdirilməsi və bu istiqamətdə mövcud mexanizmlər barədə danışıb.

 

Türk Hava Yollarının korporativ satış üzrə rəhbəri Ömər Özgün isə şirkətin təqdim etdiyi korporativ imkanlar barədə məlumat verib. Görüş çərçivəsində Dövlət Proqramı iştirakçıları üçün xüsusi korporativ tarif və endirimlərin tətbiqi, əlavə baqaj imkanlarının yaradılması, aviabiletlərin dəyişdirilməsi və ləğvi şərtlərinin daha çevik təşkili, eləcə də digər mümkün güzəştlərin tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşün yekununda tərəflər qeyd olunan istiqamətlər üzrə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və gələcək tərəfdaşlığın inkişafı məqsədilə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

 

Qalereya