Sentyabrın 19-da Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri ilə görüş keçirilib. Görüşün məqsədi Naxçıvanda təhsil alan gəncləri “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın yaratdığı imkanlar barədə məlumatlandırmaq olub.
Görüşdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, hüquq üzrə aparıcı məsləhətçi Aysel İbrahimova və universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov çıxış ediblər.
Qədir Xəlilov çıxışında proqram çərçivəsində qazanılan bilik və təcrübənin gələcəkdə ölkəmizin inkişafına töhfə verməsi baxımından əhəmiyyətini qeyd edib. O, Naxçıvanda təhsil alan tələbələrin də bu imkanlar barədə məlumat əldə etməsinin və gələcək təhsil planlarını qurarkən proqramın tələbləri ilə öncədən tanış olmasının vacibliyini vurğulayıb.
Əziz Qasımov isə tələbələrin akademik və peşəkar inkişafına dəstək göstərilməsinin universitet üçün önəmli istiqamətlərdən biri olduğunu deyib. O, bu görüşün gənclərə xaricdə təhsil imkanları barədə birbaşa məlumat almaq və onları maraqlandıran məsələlərə aydınlıq gətirmək imkanı yaratdığını bildirib.
Daha sonra Aysel İbrahimova təqdimatla çıxış edib. Təqdimat zamanı proqramın məqsədi, seçim meyarları, qəbul prosesi, eləcə də təqaüdçü və məzunlar üçün nəzərdə tutulan imkanlar barədə məlumat verilib.
Görüşün sonunda Naxçıvan Dövlət Universitetinin tələbələrini maraqlandıran suallar cavablandırılıb.