• 07.09.2026
  • 9
Təqaüdçümüzün təsisçisi olduğu layihə “Claude”un startap proqramına seçilib

Dövlət Proqramı təqaüdçüsü Tuncay Seyidəlinin təsisçisi olduğu “Mnemoria” startapı “Claude” süni intellekt modelinin yaradıcısı “Anthropic” şirkətinin “Claude for Startups” proqramına qəbul edilib.

 

Proqram yeni yaradılan startaplara “Claude” ekosistemi ilə daha yaxından işləmək, “Claude” məhsullarını inkişaf etdirən komanda ilə əlaqə qurmaq, yeni texnoloji imkanlardan erkən yararlanmaq və oxşar problemlər üzərində çalışan təsisçilər icmasına qoşulmaq imkanı təqdim edir.

 

Tuncayın təsisçisi olduğu “Mnemoria” istifadəçinin paylaşdığı məlumatları yadda saxlayan və bu məlumatlar əsasında onun haqqında dolğun təsəvvür formalaşdıran süni intellekt sistemidir. Sistem ayrı-ayrı faktların qeydə alınması ilə məhdudlaşmır, istifadəçinin yanaşmasında, məqsədlərində, prioritetlərində və qərarlarında baş verən dəyişiklikləri izləyərək onları əvvəlki mövqeyi və davranışları ilə müqayisə edir. Beləliklə, “Mnemoria” yeni məlumatlar əsasında davamlı təkmilləşən və istifadəçi haqqında daha əhatəli anlayış yaradan sistem kimi fəaliyyət göstərir.

 

Layihə süni intellekt modellərində qərəzlilik kimi aktual problemə də toxunur: sistem uzun müddət ərzində eyni istifadəçiyə uyğunlaşdıqda onun yanlış düşüncə və davranışlarını gücləndirə bilərmi? Belə bir sistem obyektiv mövqe bildirmək əvəzinə, istifadəçinin mövcud fikirlərini və mümkün səhvlərini təsdiqləməyə başlaya bilər. Bu hal maşın öyrənməsində “həddindən artıq uyğunlaşma” adlandırılan problemin fərdiləşdirilmiş süni intellekt sistemlərində yarada biləcəyi risklərdən biridir.

 

“Mnemoria”nın əsas yanaşması fərdiləşdirmə ilə obyektivlik arasında tarazlığın yaradılmasına əsaslanır. İstifadəçiyə uyğunlaşma ilə obyektivliyin qorunması arasında tarazlığın yaradılması gələcəkdə fərdiləşdirilmiş süni intellekt sistemlərinin inkişafı üçün əsas məsələlərdən biri hesab olunur.

 

Qeyd edək ki, Tuncay Seyidəli hazırda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yerləşən “King’s College London” ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə “Kompüter elmləri” ixtisasında təhsilini davam etdirir.