7 iyul tarixində Dövlət Proqramı İdarəetmə Qrupu ilə Bakı Dövlət Universiteti (BDU) arasında Bakı Dövlət Universiteti – Yerusəlim İbrani Universiteti (HUJI) ikili diplom proqramına həsr olunmuş işgüzar görüş keçirilib.
Görüşün əsas məqsədi proqramın 2023–2025-ci illər üzrə icra nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətinin nəzərdən keçirilməsi, gələcək inkişaf perspektivlərinin və növbəti fəaliyyət istiqamətlərinin müzakirəsi olub.
Görüş zamanı Bakı Dövlət Universitetinin son dövrlərdə əldə etdiyi elmi nailiyyətlər və "QS" reytinqindəki irəliləyişi yüksək qiymətləndirilərək, universitet kollektivi bu münasibətlə təbrik edilib. BDU-HUJI ikili diplom proqramının ölkəmizdə biotexnologiya sahəsi üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb.
Daha sonra İsrailin Yerusəlim İbrani Universiteti ilə əməkdaşlıq çərçivəsində biotexnologiya ixtisas istiqamətinin BDU-da daha dərindən inkişaf etdirilməsi məqsədilə atılan konkret addımlar diqqətə çatdırılıb. Belə ki, universitetdə Farmakoloji mikrobiologiya üzrə beynəlxalq elmi-tədqiqat laboratoriyası və ixtisaslaşmış elmi mərkəzin fəaliyyətə başladığı qeyd olunub. Yeni yaradılan bu mərkəzlərdə intensiv tədqiqat işlərinin aparıldığı və əldə olunan nəticələr əsasında beynəlxalq səviyyəli elmi məqalələrin çap olunduğu bildirilib.
Müzakirələr zamanı proqram çərçivəsində yeni tələbə qəbulu imkanları, məzunların nailiyyətləri və elmi əməkdaşlığın inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
Yekunda tərəflər ikili diplom proqramının səmərəli icrasının davam etdirilməsi və beynəlxalq akademik əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini bir daha vurğulayıblar.