• 01.06.2026
  • 29
BMU-İNHA İDP çərçivəsində layihənin ikinci mərhələsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli 673 nömrəli Sərəncamına əsasən, Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramının davam etdirilməsi barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Layihənin ikinci mərhələsi çərçivəsində bakalavriat səviyyəsində “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi”, “Kompüter elmləri (Süni intellekt mühəndisliyi)”, “Data analitikası (Data elmləri)” ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. 3+1 modelinə əsaslanan proqram çərçivəsində tələbələr üç il Bakı Mühəndislik Universitetində, sonuncu tədris ilini isə Koreya Respublikasının İNHA Universitetində təhsil alacaqlar.

 

İmzalanma mərasimini giriş sözü ilə çıxış edən İNHA Universitetinin rektoru Ço Myeonq Vu və BMU-nun rektoru Yaqub Piriyev iki ölkə arasında inkişaf edən münasibətlərin möhkəmlənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi rol oynadığını vurğulayıblar.

 

Görüşün sonunda BMU–İNHA İDP çərçivəsində əməkdaşlığın davam etdirilməsinə dair müqavilənin imzalanma mərasimi keçirilib.

 

Xatırladaq ki, 3+1 modelinə əsaslanan İDP çərçivəsində hazırda layihənin hər iki mərhələsi üzrə 329 tələbə təhsil alır. Bu zamana qədər proqramdan 143 nəfər məzun olub. İNHA Universitetində 4-cü tədris ili üzrə təhsil alan 114 tələbə isə bu ilin yay aylarında növbəti məzunlar kimi Azərbaycana qayıdacaqlar.

 

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.