Azərbaycan Respublikası Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin deputatları Fariz İsmayılzadə və Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin rəhbəri Turxan Süleymanov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov və DPİQ-in İkili diplom proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya iştirak ediblər.
Kollegiya iclasında auditor Vəfa Mütəllimova tərəfindən təqdim edilən “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə fəaliyyətin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.
Çıxış edən Elm və Təhsil Nazirliyinin nümayəndələri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.