“2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində ABŞ-nin Corciya Universitetində qida elmləri ixtisas sahəsi üzrə doktorantura təhsili alan Aytən Pirverdiyeva akademik nailiyyətlərinə, elmi fəaliyyətinə və apardığı tədqiqatın əhəmiyyətinə görə Dr. Romeo Toledo mükafatına layiq görülüb.
Qeyd edək ki, qida elmi və mühəndisliyi sahəsi üzrə nüfuzlu alim, müəllif və pedaqoq Dr. Toledo qida emalı texnologiyalarının inkişafına mühüm töhfələr vermiş, sahə üzrə əsas dərsliklərin müəllifi olmuş və uzun illər ərzində çoxsaylı tədqiqatçıların yetişməsində rol oynamışdır.
Corciya Universiteti tərəfindən təqdim olunan bu mükafat öz sahəsində fərqlənən, elmi araşdırmalarda fəallığı və liderlik bacarıqları ilə seçilən, aktual elmi problemlərin həllinə yönəlmiş yeni metodologiyalar yarada bilən tədqiqatçıların fəaliyyətini dəstəkləmək məqsədilə təsis olunub.
Aytənin əldə etdiyi bu uğur onun qida təhlükəsizliyi sahəsi üzrə apardığı tədqiqatın elmi və sosial baxımdan olduqca önəmli olduğunu bir daha təsdiqləyir.