• 29.04.2026
  • 203
Dövlət Proqramına qəbul şansınızı necə artıra bilərsiniz? – 2-ci cəhdində qalib olan Humayın tövsiyələri

Uğur çox vaxt ilk cəhddə deyil, israrlı və məqsədyönlü addımların nəticəsində qazanılır. Dövlət Proqramına müraciət zamanı uğurlu nəticəni ilk yox, növbəti cəhdlərində əldə edənlər də var.

2023-2024-cü illərdə Böyük Britaniyanın “Lancaster” Universitetində data elmi ixtisası üzrə təhsil almış məzunumuz Humay Rzabəyli də məhz bu gənclərdəndir.

Bu müsahibədə Humay öz təcrübəsini səmimi şəkildə sizinlə bölüşür. İlk müraciətində aldığı imtina cavabından sonra motivasiyasını necə qoruduğunu və ikinci cəhdə qədər öz üzərində hansı istiqamətlərdə çalışdığını açıqlayır.

Qeyd edək ki, o, təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankında data analitik kimi əmək fəaliyyətinə başlayıb.

 

Dövlət Proqramına ilk müraciətinizdən sonra əldə etdiyiniz nəticəni necə qarşıladınız?

- Dövlət Proqramına müraciətimdən sonra imtina məktubu gələndə bir anlıq donub qaldım, düzünü desəm, gözləmirdim. Çünki özümü tanıyırdım, niyə getmək istədiyimi, nə edəcəyimi, qayıdanda nələr gətirəcəyimi –  hamısını dəqiq bilirdim. Ancaq Dövlət Proqramına ilk müraciətimə imtina cavabı aldıqdan sonra başa düşdüm ki, bunu bilmək kifayət deyil, başqalarına da hiss etdirməyi bacarmalıyam. 3 gün çəkən məyusluqdan sonra qərara gəldim ki, daha ağlamaq yox, öz üzərimdə işlməyə başlamaq vaxtı idi.

 

İmtina cavabı aldıqdan sonra motivasiyanızı necə qorudunuz?

- Ətrafımda “Yəqin ki, gələn dəfə də seçilməzsən”, — deyənlər az deyildi: qohumlar, tanışlar, hətta bəzən öz daxili səsim.  Amma mən bu hədəfə o qədər bağlı idim ki, həmin sözlər bir müddət sonra sadəcə fondakı səs-küyə çevrildi. Özümə dedim ki, mən bilirəm, niyə gedirəm, mən bilirəm, nə istəyirəm, bu mənim yolumdur. Bu cümlə daim beynimdə təkrar-təkrar səslənirdi.

 

İki müraciət arasında konkret olaraq nələri dəyişdiniz? Öz üzərinizdə hansı istiqamətlərdə daha çox işlədiniz?

- Daha çox özümü ifadə etmə tərzim, nitq və özgüvən üzərində işlədim. Hər gün güzgü qarşısına keçib danışırdım, əvvəlcə özüm özümdən utanırdım, qəribə görünürdü. Güzgü qarşısında danışmaq adi məşq kimi görünə bilər, əslində isə çox güclü bir metoddur, bu özünəinam məşqidir. Getdikcə fərqinə vardım ki, bildiklərimi unudan deyiləm, sadəcə həyəcan hər şeyi çətinləşdirir, bildiklərimi belə ifadə etməyə imkan vermirdi.

 Motivasiya nitqimi də tamamilə yenidən və daha səmimi hazırladım, bu dəfə müsahibə zamanı niyə xaricdə təhsil almaq istədiyimi, özümün güclü və zəif tərəflərimi, qayıdandan sonra nələr etməyi planlaşdırdığımı açıq və səmimi şəkildə komissiya üzvlərinə anlatdım. Hər cümləni ürəkdən hiss edərək, əzbərləmədən ifadə etdim, sadəcə öz hekayəmi danışdım.

 

İkinci cəhddə Dövlət Proqramı qalibi olduğunuzu öyrənəndə nələr hiss etdiniz? Bu sizin üçün hansı mənaya gəlirdi?

- Qəbul olduğumu biləndə sadəcə dərin bir nəfəs aldım və içimdən “Bilirdim”, — dedim. O an özümü düşündüm – gecələr boyu necə oxuduğumu, öz üzərimdə çalışdığım və güzgü qarşısında danışdığım günləri, yorulduğumu, ancaq dayanmadığımı. Bu qəbul xəbəri mənə yalnız xaricdə təhsil almağa gedəcəyimi demədi, bu, çalışqanlığımın və özümə olan inamımın ən gözəl mükafatı idi.