Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkəmizin texnoloji inkişaf trayektoriyasının müəyyənləşdirilməsi baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Bu fəaliyyət planı özündə insan kapitalının inkişafı, infrastrukturun yenilənməsi, qanunvericiliyin müasirləşdirilməsi və çevik idarəetmə kimi dörd təməl sütunu birləşdirir.
“Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq” – Prezident cənab İlham Əliyev.
Bu strateji ekosistemin inkişafına təkan verən amillər sırasında “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” mühüm rol oynayır. Proqramın icrası nəticəsində hazırda 1794 nəfər gənc xaricdə təhsil almaq hüququ qazanmışdır ki, onların da 351 nəfəri məhz İnformasiya Texnologiyaları istiqamətini seçmişdir. Hazırda 272 proqram iştirakçısı sözügedən ixtisas istiqaməti üzrə dünyanın aparıcı təhsil müəssisələrində bu sahədə biliklərini təkmilləşdirir, artıq məzun olmuş 79 nəfərdən 35-i isə müxtəlif yerli qurumlarda əmək fəaliyyətinə başlayaraq ölkəmizin rəqəmsal potensialının gücləndirilməsinə töhfə verir.
Dövlət Proqramı çərçivəsində 2026-2027-ci tədris ili üçün təqdim olunan prioritet ixtisaslar siyahısında kibertəhlükəsizlik, süni intellekt və İKT sahələri üzrə ümumilikdə 602 proqram yer alır. Bu geniş seçim imkanı ölkəmizin yeni rəqəmsal arxitekturasının qurulması prosesində gənclərin ali biliklərə yiyələnməsinə və ölkəmizin rəqəmsal arxitekturasının gələcək memarlarının yetişdirilməsinə xidmət edir.