• 19.11.2025
  • 77
BMU-İNHA İDP-nin 3 məzunu dünyanın top universitetlərinə qəbul oldu!

BMU-İNHA İDP-nin 3 məzunu dünyanın top universitetlərinə qəbul oldu!

Bakı Mühəndislik Univeristeti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) builki məzunlarından 3 nəfəri dünyanın nüfuzlu universitetlərinin agistraturasına qəbul olub.

     “Elektronika mühəndisliyi” ixtisasını fərqləmə diplomu ilə bitirən, həmçinin İNHA Universiteti tərəfindən “Akademik mükəmməllik mükafatı” sertifikatına layiq görülən Mədinə Nurizadəyə dünyanın 7 qabaqcıl universitetindən qəbul gəlib. Onun seçimi Birləşmiş Kallığın Şeffild Universiteti olub. O, bu universitetdə “Simsiz rabitə sistemləri” ixtisası üzrə təhsilini davam etdirəcək.

     “Elektrik mühəndisliyi” ixtisasının məzunu və İNHA Universiteti tərəfindən “Akademik mükəmməllik mükafatı” sertifikatına layiq görülən Şahanə Mirəliyeva dünyanın 6 qabaqcıl universitetindən qəbul gəlib. Onun seçimi Birləşmiş Kallığın Mançestr Universiteti olub. O, bu universitetdə “Elektrik enerji sistemləri mühəndisliyi”” ixtisası üzrə təhsilini davam etdirəcək.

     BMU-İNHA İDP-nin “İnformasiya texnologiyaları” ixtisasını müvəffəqiyyətlə bitirən Aslan Məmmədov Birləşmiş Krallığın Edinburq Universitetinə qəbul alıb. O, bu universitetdə “Süni intellekt” ixtisası üzrə təhsilini davam etdirəcək.

     Hər üç məzun magistratura təhsilini “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət proqramı” çərçivəsində alacaq.

     Qeyd edək ki, 2020-ci ildən icra olunan proqram Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. İndiyədək proqramdan 143 nəfər məzun olub.

 

Qalereya