• 18.11.2025
  • 60
BMU-İNHA tələbəsi “Rebuild Karabakh” hakatonunun qalibi oldu!

BMU-İNHA İDP tələbəsi “Rebuild Karabakh” hakatonunda birinci yerə layiq görüldü.

     Bakı Mühəndislik Universitetinin İNHA Universiteti ilə  İkili Diplom Proqramının “Elektronika mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Hakim Musazadə, 31 oktyabr – 1 noyabr tarixlərində keçirilən “Rebuild Karabakh” hakatonunda “LankonFarm” adlı layihə ilə birinci yerin qalibi olub.

     Müsabiqədə təqdim olunan “LankonFarm” layihəsi fermerlər ilə alıcıları birləşdirən innovativ platforma kimi diqqət çəkib. Layihə Bakı Mühəndislik Universitetinin Texnoparkının rezidenti olaraq burada inkişaf etdirilir və təkcə onlayn satış və əlaqə sistemini deyil, həm də məhsulların keyfiyyətini qorumaq məqsədilə ağıllı soyuducu sistemi üzərində işlənən prototipi əhatə edir. Bu texnoloji yenilik kənd təsərrüfatı məhsullarının daha effektiv şəkildə bazara çatdırılmasına imkan yaradır.

     Hakaton Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağıllı Şəhər, Yaşıl Gələcək: WUF2026-a doğru” layihəsi çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi Qarabağın yenidən qurulması prosesinə gəncləri, mütəxəssisləri və innovativ düşüncələri cəlb etmək, regionun dayanıqlı inkişafına dəstək verməkdir.

     İki gün davam edən hakaton müddətində iştirakçı komandalar üçün 15 müxtəlif təlim keçirilib və fərdi mentor dəstəyi təmin olunub. Gənclər innovativ texnologiyalar, “smart city” konsepsiyası və yaşıl enerji istiqamətləri üzrə yeni biliklər əldə ediblər.

     Qaliblər arasında yer alan “LankonFarm” komandası həmçinin Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərlər Forumunda (WUF 13) iştirak hüququ qazanıb. Bu, gənc azərbaycanlı mütəxəssislərin beynəlxalq səviyyədə öz layihələrini təqdim etmək və təcrübə mübadiləsi aparmaq imkanı deməkdir.

 

 

Qalereya