Zəfərin 5 illiyi münasibətilə beynəlxalq ikili diplom proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan Azərbaycan gəncləri və diaspor nümayəndələri tərəfindən həm Türkiyənin İzmir şəhərində, həm də Koreya Respublikasının paytaxtı Seulda silsilə tədbirlər təşkil olunub. ADAU-EGE ikili diplom proqramında təhsil alan tələbələrin Ege Universitetinin Kənd təsərrüfatı fakültəsində keçirdiyi tədbirdə şəhidlərin xatirəsi anılıb, Dövlət Himni səsləndirilib və Vətən müharibəsinin tarixi əhəmiyyəti vurğulanıb. Tədbir çərçivəsində tələbələr tərəfindən ədəbi-bədii kompozisiyalar və vətənpərvərlik mövzusunda çıxışlar təqdim olunub.
Seulda Azərbaycanın Koreyadakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən rəsmi mərasimdə isə dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və azərbaycanlı tələbələr iştirak ediblər. Səfir Ramin Həsənov çıxışında Zəfərin Azərbaycan xalqı üçün tarixi və siyasi mahiyyətini, ölkəmizin suverenliyinin bərpası yolunda qazanılan Qələbənin beynəlxalq aləmdə yaratdığı yeni reallıqları diqqətə çatdırıb. Tədbirdə Zəfər Gününə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib, qonaqlar Azərbaycanla həmrəyliklərini ifadə ediblər.
Hər iki tədbir, gənclərimizin və diaspor nümayəndələrinin ölkəmizin tarixi Qələbəsini xarici ictimaiyyətə çatdırmaq, Azərbaycanın müasir inkişaf yolunu və dövlətimizin reallıqlarını dünyaya təqdim etmək istiqamətində mühüm töhfə verib. Bu təşəbbüslərin həyata keçirilməsində fəallıq göstərən bütün tələbələrimizə təşəkkür edirik.