• 23.09.2025
  • 137
BMU-İNHA İDP-nin 6 məzunu İNHA Universitetinin magistratura proqramına tam təqaüdlə qəbul olunub

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən BMU-İNHA ikili diplom proqramının (BMU-İNHA İDP) 2025-ci il üzrə 6 məzunu İNHA Universitetinin magistratura proqramına tam təqaüdlə qəbul olub.

  Prezident İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın uğurla icrası nəticəsində yaradılan BMU-İNHA İDP-nin məzunları yüksək keyfiyyətli təhsil və geniş perspektivlər qazanır. İki universitet arasında imzalanan Niyyət Məktubu çərçivəsində tədris proqramları, tədqiqat təşəbbüsləri və mədəni mübadilə istiqamətlərində əməkdaşlıq gücləndirilir. Xüsusilə proqram məzunlarının 10%-nin İNHA Universitetinin magistratura proqramlarına tam təqaüdlə qəbul olunması bu əməkdaşlığın mühüm üstünlüklərindən biridir.

     İNHA Universitetinə qəbul olan 6 məzundan 5-i magistratura səviyyəsi üzrə təhsil almaq şansı qazansa da, proqramın üstünlüklərindən istifadə edərək böyük bir uğur və nadir fürsət qazanmış 1 məzun isə “Integrated degree (Magistratura + PhD)” proqramına qəbul olunub.

     Bu, həm akademik, həm də elmi tədqiqat sahəsində irəli getmək istəyən tələbələr üçün nadir və qiymətli bir imkandır. Proqramın 6 məzunu içərisində yalnız bir nəfərin bu yüksək səviyyəli və xüsusi proqramda təhsil alma hüququ əldə etməsi, BMU-İNHA İDP-nin məzunlarına verdiyi dəyərin və proqramın keyfiyyətinin əyani göstəricisidir.

  Proqram məzunları təhsillərini və təcrübələrini belə dəyərləndirirlər:

·        Alpər Qəhrəmanlı (“Elektrik mühəndisliyi” ixtisası məzunu) “Elektrik və kompüter mühəndisliyi” üzrə “Integrated degree (Magistratura+PhD)” üzrə qəbul alıb. Proqramın ilk 1.5-2 ilində Alpər magistratura səviyyəsində dərslər götürür və tələb olunan kreditləri toplayır. Bu mərhələdən sonra o, doktorantura təhsilinə başlayır və proqramın sonunda yalnız PhD diplomu əldə edir. O, Electric Machines and Drives laboratoriyasında assistant olaraq işləyir. O, BMU-İNHA İDP-nin xaricdə təhsil və peşəkar inkişaf üçün böyük imkanlar yaratdığını vurğulayır.

·        Aytac Qocayeva (“Elektronika mühənd0isliyi” ixtisası məzunu) MBA proqramında təhsil alaraq, proqramın ona beynəlxalq təhsil sahəsində yeni qapılar açdığını, akademik biliklər və fərqli mədəniyyətlərlə tanışlıq imkanı verdiyini qeyd edir. O, həmçinin proqramın təqdim etdiyi təqaüd və dəstəyin gələcək karyerasında böyük üstünlük olduğunu bildirir.

·        Məhəmməd Qurbanzadə (“Elektronika mühəndisliyi” ixtisası məzunu) “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə magistratura proqramına qəbul olub. Məhəmməd eyni zamanda İNHA Universiteti Intelligent Power Grid laboratoriyasında researcher(tətqiqatçı) olaraq işləyir. Məhəmməd, proqramın tələbələrin dünyagörüşünü genişləndirdiyini və Cənubi Koreyada müasir təhsil mühitində mütəxəssis kimi yetişmək üçün ideal platforma olduğunu bildirir.

·        Məhəmməd Məhərrəmov (“İnşaat mühəndisliyi” ixtisası məzunu) “İnşaat mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsinə qəbul olub. O, İNHA Universiteti Consys laboratoriyasında researcher(tətqiqatçı) olaraq işləyir. O, BMU-İNHA İDP-nin Koreya dilini öyrənmək və ixtisas sahəsində ən müasir bilikləri əldə etmək üçün unikal imkan yaratdığını, xüsusilə Cənubi Koreyada təhsil almağın ona böyük töhfə verdiyini vurğulayır.

·        Rauf Həşimli (“Elektrik mühəndisliyi” ixtisası məzunu) “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə magistratura proqramında təhsil alır. O, İNHA Universiteti Power systems laboratoriyasında assistant olaraq işləyir. Rauf, BMU-İNHA İDP-ni “gələcəkyönümlü, nəsillərin inkişafına dəstək verən ideal təhsil layihəsi” kimi qiymətləndirir.

·        Nəcəf Məmmədov (“Elektronika mühəndisliyi” ixtisası məzunu) “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsinə daxil olub.  Nəcəf, İNHA Universiteti Intelligent Embedded System laboratoriyasında researcher(tətqiqatçı) olaraq işləyir O, BMU-İNHA İDP-nin tələbələrə dünyagörüşünü genişləndirmək və biliklərini artırmaq üçün əvəzsiz imkan yaratdığını bildirir.

  2020-ci ildən fəaliyyət göstərən BMU-İNHA İDP çərçivəsində “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisaslarına ümumilikdə 400 tələbə qəbul olunub. İndiyədək 143 məzun verdiyi proqramdan yararlanaraq dünyanın tanınmış universitetlərində magistratura təhsili alır, bir çoxları isə aparıcı şirkətlərdə peşəkar fəaliyyət göstərir. 3+1 tədris modelinə əsasən hazırda İNHA Universitetində 4-cü kursda 114 tələbə təhsilini davam etdirir.