Gənclər və idman naziri Fərid Qayıbovun nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmiş gənclərlə görüşündə Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri də iştirak ediblər.
Görüşdə “DeepSense” komandasının üzvləri – “Elektrik mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Nəsib Əhmədov (komanda mentoru), “Elektronika mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Tahirə Bəylərova və “İnformasiya texnologiyaları” ixtisasının 2-ci kurs tələbəsi Yusif Novruzlu iştirak ediblər.
Onların təmsil etdiyi “DeepSense” komandası “Robotex” beynəlxalq yarışının Türkiyənin Antalya şəhərində keçirilən mərhələsində yüksək nəticə göstərərək qalib olub. Komanda yarışın Azərbaycan mərhələsində “Maze Robot” layihəsi ilə çıxış edərək “Labirint” kateqoriyasında seçilən performans nümayiş etdirib. Hazırladıqları robot sensorlar və ağıllı alqoritmlər vasitəsilə labirintin optimal çıxış yolunu müəyyənləşdirir və bu texnoloji həll komandaya beynəlxalq mərhələdə böyük uğur qazandırıb.
Komanda bu nailiyyətlə “Robotex” beynəlxalq yarışının dekabr ayında Estoniyanın Tallin şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.