Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında birgə icra edilən ikili diplom proqramının magistratura pilləsinin tələbəsi, Edqar Şahbazov elmi fəaliyyətində mühüm nailiyyətə imza atıb. O, Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Mançester Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində Molekulyar Biologiya ixtisası üzrə doktorantura proqramına qəbul olunub.
Gənc tədqiqatçının doktorantura mərhələsində araşdıracağı “Qocalmanın qarşısını alan RBBP5 faktorunun mitoxondrial tarazlığın qorunmasında yeni rolu” mövzusu yaşlanma biologiyası və hüceyrə metabolizması sahəsində mühüm elmi nəticələr vəd edir.
Tədqiqat işi Mançester Universitetinin tanınmış alimləri Dr.Gino Poulin və Dr.Alan Whitmarshın elmi rəhbərliyi altında universitetin laboratoriyalarında həyata keçiriləcək.
Xatırladaq ki, Edqar Şahbazov “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Dövlət Universiteti ilə İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının tələbəsidir.
Qeyd edək ki, BDU və HUJI arasında birgə həyata keçirilən ikili diplom proqramı beynəlxalq səviyyədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir. Edqar Şahbazovun bu uğuru proqramın effektivliyinin və elmi nəticəyönümlü təhsil strategiyasının bariz göstəricisidir.