BMU nümayəndə heyəti BMU-İNHA beynəlxalq İkili Diplom Proqramının (BMU-İNHA İDP) Rəhbər Komitə (RK) iclasında iştirak etmək məqsədilə artıq Koreya Respublikasında səfərdədir. BMU-nun rektoru Yaqub Piriyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov, beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli, BMU-İNHA İDP-nin katibi Nurlan Astanov yer alıb.
Səfər çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev İNHA Universitetinin rektoru Cho Myeong Voo ilə görGörüşdə İNHA Universitetin rektoru Cho Myeong Voo Azərbaycana son səfəri çərçivəsində ona göstərilən diqqət və qayğıya görə Yaqub Piriyevə və BMU-nun kollektivinə öz təşəkkürünü bildirib. Rektor iki ölkə arasında inkişaf edən əlaqələrin möhkəmlənməsində təhsil sahəsində olan əməkdaşlığın xüsusi payının olduğunu vurğulayıb. O, hazırda BMU-İNHA İDP çərçivəsində təhsil alan tələbələrin bu münasibətlərin gələcəkdə də inkişafına birbaşa töhvə verəcəyinə inandığını sözlərinə əlavə edib.
BMU-nun rektoru Yaqub Piriyev səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını bildirib. Rektor çıxışında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın önəmi, ikili diplom proqramlarının tətbiqinin üstünlükləri barəsində danışıb. BMU-İNHA İDP-nin icrası üçün dövlət səviyyəsində atılan addımları vurğulayan Yaqub Piriyev Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn formatda təşkil olunan magistraturaya qəbul imtahanlarında tələbələrə yaradılmış şəraitə görə rektor Cho Myeong Vooya təşəkkürünü bildirib. BMU-İNHA İDP-nin uğurlu icrasından məmnunluğunu ifadə edən Yaqub Piriyev həmkarını Azərbaycana BMU-İNHA İDP tələbələrinin növbəti məzun gününə dəvət edib.
İclas hər iki tərəfin layihənin gələcək perspektivləri, Süni intellekt və Data analitikası kimi ixtisas istiqamətləri üzrə icra olunması barədə fikir mübadiləsinin aparması ilə davam edib.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Sonra Azərbaycan nümayəndə heyəti İNHA Universitetinə sahə gəzintisində iştirak edib. Gəzinti zamanı, universitetin maddi-texniki bazası, kitabxanası, laboratoriyaları, tədris binalarında yaradılmış şərait barəsində məlumat verilib.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı səfirliyində və İNHA Universitetinin müvafiq struktur-bölmələrində işgüzar görüşlər nəzərdə tutulub.