• 20.05.2025
  • 200
Dövlət Proqramı iştirakçısı ABŞ-nin nüfuzlu akademik fəxri cəmiyyəti olan "Phi Kappa Phi"yə üzv seçilib

Məlumat üçün bildirmək istərdik ki, Dövlət Proqramı iştirakçısı Kənan Abdiyev ABŞ-nin ən nüfuzlu akademik fəxri cəmiyyətlərindən biri olan "Phi Kappa Phi"yə üzv seçilib. Bu təşkilata üzvlük yalnız dəvət əsasında mümkündür və yüksək akademik göstəricilərə malik şəxslərə təqdim olunur.

Kənan Abdiyevin üzvlüyü, akademik müvəffəqiyyətlərinə əsaslanaraq Merilend Universitetinin “College Park” kampusunda ənənəvi mərasim ilə təsdiqlənib. Sözügedən mərasimdə çıxış edən Proqram iştirakçısı akademik uğurularında Azərbaycan dövlətinin xüsusi dəstəyini vurğulayıb.

 

Qeyd edək ki, “Phi Kappa Phi” 1897-ci ildə təsis olunmuşdur və ABŞ-nin bütün akademik sahələri üzrə ən qədim fəxri cəmiyyətlərindən biridir. Cəmiyyətin üzvlüyü universitetdə ən yüksək nəticələr göstərən tələbələrə verilir – bakalavr səviyyəsində ilk 7.5%-ə daxil olan və ya magistratura səviyyəsində ilk 10%-lik akademik nəticə göstərən şəxslər namizəd olmaq şansı qazanırlar.
 

Cəmiyyətin üzvləri arasında ABŞ prezidentləri, Nobel mükafatı laureatları və aparıcı şirkət rəhbərləri də yer alır. Hazırda bu cəmiyyətin 300-dən çox universitetdə fəal bölmələri mövcuddur. “Phi Kappa Phi” cəmiyyətinin əsas məqsədi bütün ali təhsil sahələrində akademik mükəmməlliyi tanıtmaq və təhsildə uğur qazanan şəxsləri elmi və ictimai fəaliyyətlərə təşviq etməkdir. Cəmiyyət hər il tələbələrə və tədqiqatçılara 1 milyon ABŞ dollarından çox qrant və təqaüd təqdim edir.
 

Bundan əlavə, Kənan Abdiyev payız semestrini 4.0 ÜOMG ilə başa vurub, hal-hazırda isə Azrəbaycan Respublikasının ABŞ-dəkı Səfirliyində təcrübə proqramı keçir.
 

Xatırladaq ki, Kənan Abdiyev "2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "University of Maryland" ali təhsil müəssisəsində “Dövlət idarəetməsi" ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alır.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

Qalereya