• 24.04.2025
  • 33
BMU-İNHA İDP tələbələrinin iştirak etdiyi "RoboCode" robotik kodlama düşərgəsi uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi", Türkiyənin "Bilişim Vadisi" və "SAHA Robotics" şirkəti ilə birgə keçirilən "RoboCode" robotik kodlama düşərgəsi uğurla yekunlaşıb.

 
Bir ay davam edən düşərgəyə ümumilikdə 321 nəfər müraciət edib. Kriteriyalara uyğun olaraq, seçilmiş 70 iştirakçı onlayn və fiziki formatda təşkil olunan intensiv təlimlərdə iştirak edib. Təlim proqramına "ROS-un əsasları", "Robotların simulyasiyası", "Robot hərəkət sistemləri" və digər qabaqcıl texnoloji mövzular daxil olub.


Düşərgə iştirakçılarına ROS2 və Gazebo kimi qabaqcıl texnologiyalar üzrə yeni biliklər qazanmaq, yerli və xarici peşəkarlarla tanış olaraq əlaqə imkanları əldə etmək, texnoloji yeniliklərin bir parçası olmaq və bu sahədə biliklər toplamaq imkanı yaradılıb.

 
Qeyd edək ki, bu düşərgə 2023-cü ildə "İnnovasiyalar Mərkəzi" ilə "Bilişim Vadisi Bakı" arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Azərbaycanda ikinci dəfədir təşkil olunur. Layihənin əsas məqsədi gənclərin avtonom sistemlər, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışını asanlaşdırmaq, onları "ROS" (Robot Operating System) ekosistemi ilə tanış etmək və bu sahədə karyera imkanlarını dəstəkləməkdir.

 
Düşərgədə BMU-İNHA İDP tələbələri uğurla iştirak ediblər. Onlar arasında Elektronika mühəndisliyi ixtisası üzrə 2-ci kurs tələbəsi Hakim Musazadə, İnformasiya Texnologiyaları ixtisası üzrə 3-cü kurs tələbələri Fatimə Səlimzadə və Səma Balıyeva yer alıblar.

 

Qalereya