• 07.03.2025
  • 1080
“2022-2028 Dövlət Proqramı” çərçivəsində doktorantura təhsil səviyyəsinə qəbul üzrə seçim qaydaları açıqlanıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli 248 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında qərar imzalanıb.

Sözügedən dəyişikliklər əsasən doktorantura səviyyəsi üzrə həyata keçiriləcək qəbula dairdir. Belə ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində doktorantura təhsil səviyyəsinə qəbul üzrə seçim qaydaları aşağıdakı meyarlar üzrə aparılır:

- namizədin cari tədris ilində magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya magistr ali elmi-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);

- xarici ali təhsil müəssisəsinə təhsil haqqı ilə bağlı depozitin ödənilməsi, namizəd tərəfindən transkriptin və ya əvvəlki təhsil səviyyəsi üzrə diplomun təqdim edilməsi istisna olmaqla, namizədin xarici ali təhsil müəssisəsinə şərtsiz qəbul olunması;

- namizədin xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;

- namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

- namizədin Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisəsində təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan Respublikasının ali təhsil müəssisəsində əsas iş yeri olmaqla ən azı 5 (beş) il müddətinə əmək fəaliyyətinə cəlb edilməsi üçün əmək müqaviləsi bağlamağa razılığının olması;

- Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan dərhal sonra əmək fəaliyyətinə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;

Məlumat üçün qeyd edək ki, Dövlət Proqramına aid 500 nəfərlik kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.