Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda sahə gəzintisində olublar.
BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının dosenti Elçin Qurbanov və əməkdaşı Cavid Ədilovun rəhbərliyi ilə təşkil edilən ekskursiya zamanı tələbələrə “Elektrik enerjisinin istehsalı”, həmçinin “Elektrik maşınlar və layihələndirmə” fənlərinə dair müasir avadanlıq, eləcə də texnoloji proseslərlə əyani tanışlıq imkanı yaradılıb.
Sahə gəzintisi zamanı Direktor müavini Aytək Babayeva, Tədris Mərkəzinin rəhbəri Hikmət Əliyev, Laboratoriya Mərkəzinin rəhbəri Səbinə Əliyeva, Yarımstansiyaların Layihələndirilməsi Şöbəsinin rəisi Raiz Bağıyev və Tədris Mərkəzinin böyük elmi işçisi Rəşad Əbilov ilə görüş keçirilmiş, tələbələrə bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisinin istehsalı haqqında ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, belə ekskursiyaların həyata keçirilməsi BMU-İNHA İDP-nin əsas istiqamətlərindən biridir.