Azərbaycan Finlandiyada keçirilən "Junction 2024" hakatonunda ilk dəfə təmsil olundu və qalib gəldi.
Bu tarixi uğur EESTEC Baku (rəhbərləri- BMU-İNHA İDP-nin İnformasiya texnologiyaları 3-cü kurs tələbələri Əli Kərimov və Adil Qasımov)-nun təşkil etdiyi “JunctionX Baku’24” tədbirinin qalibi olan “Evergreen” komandasının zəfəri ilə əldə olundu.
8-10 noyabr tarixlərində Helsinkidə keçirilən qlobal tədbirdə “Evergreen” komandası, Fingrid Oyj tərəfindən təşkil olunan "Empowering Development Transparency" adlı çağırışda qalib gələrək 1,500 avro mükafat qazandı.
Bu il “Junction” hakatonunda 80-dən çox millət təmsil olunub, 1,000-dən çox seçilmiş iştirakçı 48 saat ərzində 250-dən çox layihə yaradıb.
Hakatona 3,000-dən çox müraciət daxil olub, bu da Junction-un Avropada innovasiya sahəsində mötəbər bir tədbir olduğunu göstərir.
“Evergreen” komandası, Azərbaycanın gənclərinin və innovativ potensialının qlobal səviyyədə nümayişi ilə tarixi bir uğura imza atdı. Bu uğur, ölkəmizin ilk dəfə Junction-da iştirakını və qalibiyyətini tarixi bir hadisəyə çevirir.
Hakatonun təşkilatçıları, BMU-İNHA İDP-nin tələbələri, Əli Kərimov və Adil Qasımov hazırda 3-cü kursda təsil alır, 4-cü kursda təhsillərini Cənubi Koreyada davam etdirəcəklər.
Məlum olduğu kimi, BMU-İNHA İDP Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilən “2019–2023-cü illər üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilir. Proqram çərçivəsində tələbələr 4 illik bakalavr təhsillərinin ilk 3 ilini Azərbaycanda, son 1 ilini isə Cənubi Koreyada davam etdirirlər.
Hazırda proqramın 61 məzunu mövcuddur və 83 tələbə Cənubi Koreyada təhsillərini davam etdirir.
BMU-İNHA İDP, ölkəmizin gənclərini innovativ düşüncə tərzinə və qlobal liderlik bacarıqlarına yiyələnmiş yüksək ixtisaslı kadrlar kimi hazırlamaqda mühüm rol oynayır. Bu proqram tələbələrin beynəlxalq təcrübə əldə etməsi ilə yanaşı, onların qlobal səviyyədə rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişməsini təmin edir.
Proqramın məzun və tələbələri yalnız bilik və bacarıqları ilə seçilməklə qalmır, həm də dünya miqyaslı hakatonlara rəhbərlik edərək Azərbaycanın adını beynəlxalq arenada layiqincə tanıdırlar.