• 07.11.2024
  • 984
2024-2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulunun yekunlarına dair

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanmışdır.

Məlumat üçün bildiririk ki, 13 avqust 2024-cü il tarixində ictimaiyyətə elan olunmuş 2024/2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təqaüd almaq hüququ qazanmış 500 nəfərə dair yekun siyahıda yer alan və magistratura səviyyəsi üzrə müxtəlif səbəblərdən iştirakı mümkün olmayan (şəxsi səbəblər, viza səbəbi və s.)  23 nəfər təqaüdçü proqramdan imtina etmiş, əvəzinə ehtiyat siyahısından namizədlər seçilmiş, bununla da sözügedən tədris ili üzrə qəbul yekunlaşmışdır.

Müvafiq Sərəncama əsasən hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. Beləliklə, 2022-ci ildən başlayan qəbul nəzərə alınmaqla indiyədək 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanmışdır.

Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır, bugünədək 156 nəfər Dövlət Proqramı məzunu adı qazanmışdır.