• 17.10.2024
  • 55
ADNSU-Vorvik ikili diplom proqramının Rəhbər Komitəsinin onlayn görüşü keçirilib

2023-cü ildən etibarən Dövlət Proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Vorvik Universiteti arasında magistratura səviyyəsində “Bərpa olunan enerji mənbələri” üzrə həyata keçirilən İkili Diplom Proqramının növbəti Rəhbər Komitə görüşü 10 oktyabr 2024-cü il tarixində distant formada baş tutub.

Sayca dördüncüsü reallaşan Rəhbər Komitə görüşündə ADNSU rektor əvəzi dosent Vazeh Əskərov və “Warwick” Universitetində “Warwick Manufacturing Group”-un Strateji İnkişaf bölməsinin direktoru “Gareth Roberts” həmsədrlər qismində çıxış edərək iclası açıq elan ediblər. Səsvermə hüququ olan xarici tərəfdaş universitetin nümayəndələrindən Proqramın direktoru Professor “Phillip Lewis”, “Warwick Manufacturing Group”da beynəlxalq əməkdaşlıq üzrə menecer (WMG) “Nicole Craddock-Zhang”, “Warwick” Universitetində “Warwick Manufacturing Group” (WMG) bakalavr proqramları üzrə dekan müavini Professor “Rob Thornton” ilə yanaşı, ölkəmizi təmsil edən yerli Rəhbər Komitə üzvlərindən Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri  Nicat Məmmədli, ADNSU-nun elmi işlər üzrə prorektoru Professor Lətafət Qardaşova,  müşahidəçi olaraq dəvət olunanlar qismində isə “2019-2023-cü illər Dövlət Proqramı” İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Turan Topalova, Proqramın baş direktoru texnika elmləri üzrə fəlsəfə doktoru Rafiq Əliyev, UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibova və Proqramın tədris işləri üzrə koordinatoru Leyla Həsənova iştirak ediblər.

Distant formada təşkil olunmuş Rəhbər Komitə iclası ərzində Proqramın fəaliyyəti və perspektivlər, Proqramın maliyyə və resurs planlaması, həmçinin Proqramın idarəsi, hesabatlılıq və keyfiyyətə təminat kimi geniş mövzulara toxunulub. Məhsuldar keçən dördüncü Rəhbər Komitə görüşündə çıxış edən üzvlərin və dəvətlilətin məruzələri dinlənilib, cari akademik dövr ərzində proqramın icrası və əməliyyatların məcmusu, həmçinin növbəti qəbul prosesi, kriteriyalar və mümkün dəyişikliklər ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa cari akademik dövrə qədər tədris olunmuş fənn blokları üzrə, eləcə də cari ilin iyul-avqust aylarında baş tutmuş yay məktəbi üzrə qiymətləndirmə və rəylər üzrə məruzələr dinlənib. Proqramın davamlılığını təmin etmək, həmçinin tədrisin səmərəliliyinin artırılması məqsədilə görüləcək işlər barədə razılıq əldə olunub. Beləliklə, keyfiyyətə nəzarət çərçivəsində təhsilin təşkili və idarə olunması ilə bağlı prosedurların və onların effektivliyinin nəzərdən keçirilməsi üçün Təhsil İdarəetmə Panelinin, akademik idarəetmə, keyfiyyətə nəzarət və təkmilləşdirmələrin aparılması üçün Akademik Komitənin və imtahan prosedurlarının, eləcə də nəticələr barədə müzakirələrin təmin olunması üçün İmtahan Şurasının təsis olunmasına ehtiyac olduğu hər iki Ali Təhsil Müəssisəsi nümayəndələri, habelə, Rəhbər Komitə üzvləri tərəfindən təsdiq edilib.

ADNSU ilə Vorvik Universiteti arasında həyata keçirilən İkili Diplom Proqramının baş tutan dördüncü Rəhbər Komitə iclası həmsədrlərin bağlanış niqtləri ilə yekunlaşıb.

 

Qalereya