Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı ölkəmizdə bu sahədə aparılan ən uğurlu layihələrdən biridir. Bu proqram təkcə gələcəyin kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsində deyil həmdə professor-müəllim heyətinin elmi-tədqiqat işlərinə və beynəlxalq layihələrə cəlb olunmasına həmçinin, beynəlxalq indeksli jurnallarda məqalə çapına geniş imkanlar yaradır.
Bu fikirləri ikili diplom proqramı çərçivəsində Ege Universitetindən Azərbaycan Dövlət Aqrar Universitetinə dərs tədris etmək üçün gələn bir qrup professor-müəllim heyəti ilə görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov deyib.
Rektor bildirib ki, gələcəkdə ikili diplom proqramının daha da inkişaf etdirilməsi və fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı işlərə start verilib.
Sonra görüşdə professor-müəllim heyətinə tədrisin keyfiyyətinin artırılması, birgə əməkdaşlığın genişləndirilməsi ilə bağlı söhbət aparılıb.
Türk müəllimlər yaradılan şəraitdən məmnun olduqlarını, bu proqramın gələcək məzunlarından gözləntilərinin böyük olduğunu diqqətə çatdırıblar.