Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə İngiltərənin Vorvik Universiteti arasıda "Bərpa olunan enerji mənbələri" üzrə magistratura səviyyəsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində təşkil edilən Yay məktəbində iştirak məqsədilə 2024-cü il iyunun 30-da İngiltərəyə yollanan 38 nəfər tələbə avqust ayının 4-də təhlükəsiz şəkildə Azərbaycana geri qayıdıblar.
Yay məktəbinin keçirildiyi müddət ərzində tələbələrin təhlükəsiz səyahətinin təmin olunması və səfər zamanı onları müşayiət etmək, təlim-tədris prosesində iştirak etmək məqsədilə ADNSU-nun əməkdaşları - İkili Diplom Proqramının layihə rəhbəri vəzifəsini icra edən t.ü.f.d. Rafiq Əliyev, Proqramın tədris işləri üzrə koordinatoru vəzifəsini icra edən Leyla Həsənova və ADNSU Neft-mexanika fakültəsinin müəllimi Mahmud İsmayılov tələbələrlə birlikdə İngiltərəyə ezam olunub.
35 gün davam edən Yay Məktəbi ərzində tələbələrə "WMG"-nin əcnəbi professor-müəllim heyəti tərəfindən "Energy Systems Integration" və "UK Renewable Energy Sector" modulları tədris olunub. Həmçinin, Yay məktəbi dövründə tələbələr Böyük Britaniyada yerləşən günəş paneli tarlaları və külək turbinlərinin istismarı zonaları da daxil olmaqla aparıcı bərpa olunan enerji bölgələrinə, o cümlədən, Lesterşirdə yerləşən “Low Spinney” quruda külək elektrik stansiyası, Vorvikdəki “UK Battery Industrialisation Centre”, Uelsdə yerləşən “Rheidol” Su Elektrik Stansiyası, Nottingemşirdəki “Hockerton” davamlı kənd layihəsi, Nyukaslda yerləşən “Dogger Bank” külək enerji stansiyasının baş ofisi və s. kimi sahə ilə əlaqəli ərazilərə səfər etmə şansı əldə etmiş, belə ekskursiyalar vasitəsilə real sektordakı tendensiyalar barədə ən son məlumatlarla tanış edilərək yeni çağırışlar və perspektivlərlə bağlı əhatəli məlumatlandırılmışdır.
Əlavə olaraq, Yay məktəbinin tədris planında tarixi abidələrin, eləcə də muzeylərin tələbələr tərəfindən ziyarət edilməsi və bu qəbildən olan müxtəlif mədəni fəaliyyətlər nəzərdə tutulmuşdu. Beləliklə, bu Yay Məktəbi dövründə tələbələrin “Warwick Castle”, “Black Country Museum” kimi tarixi abidələrin ziyarətinin təşkili də həyata keçirildi.
Yuxarıda öz əksini tapmış fəaliyyətlərdən başqa tələbələr Vorvik Universitetinin labratoriyaları ilə tanış olmuş, “Deans Workshop”-da öz bilik və bacarıqlarını nümayiş etdirmişdirlər. Tələbələrin araşdırma və öyrənmə bacarıqlarının təkmilləşdirilməsi istiqamətində onlarla iki günlük dissertasiya hazırlığı üzrə sessiya da keçirilmişdir. Əlavə olaraq, tələbələrə Vorvik Universitetindən məzun olmağın üstünlüklərindən danışılmış, onlarla peşəkar mühəndislik konsepsiyası üzrə biliklərin aşılandığı ayrıca təlim keçirilmişdir.
Bunlardan başqa, tələbələr Vorvik Universitetinin inzibati heyət nüyaməndələri, həmçinin ADNSU-VU İDP inzibati heyət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş “Student-Staff Liasion Committee Meeting”-də istər Vorvik Universiteti tərəfinin, istərsə də ADNSU tərəfinin bu Proqramın təşkili istiqamətinə gördükləri işlər barədə həm müsbət, həm konstruktiv tənqidi fikirlərini səsləndirmiş, Vorvik Universitetinin digər tələbələrinə şamil olunan bütün növ azad söz haqqı anlayışı ADNSU-VU İDP tələbələrinə də şamil olunmuşdur.
1 avqust 2024-cü il tarixində Yay məktəbinin qapanış mərasimində tələbələrin iştirakı təşkil edilmiş və bu tədbirdə bütün tələbələr fərdi qaydada poster təqdimat ilə çıxış etmişlər. Yay Məktəbi ərzində əldə etdikləri bilik və bacarıqları, eləcə də təcrübə etdikləri yeni baxış bucağını təqdim etmələri üçün təşkil edilmiş bu sərgidə həm tələbələr özləri və həm də Vorvik Universitetinin “WMG” rəhbəri və dekanı Robin Clark auditoriya qarşısında çıxış etmiş, ADNSU və Vorvik Universiteti arasındakı bu Proqramın həm iki ölkənin xoşməramlı əlaqələrinin bir təzahürü olduğunu, həmçinin Proqram çərçivəsində təhsilini uğurla yekunlaşdıracaq məzunların gələcəkdə Azərbaycanın təmiz enerjiyə keçidində əvəzsiz töhfələri olacağını bildirmişlər. Beləliklə, “1-ci Cohort” tələbələr üçün təşkil olunan və 35 gün davam edən Yay Məktəbi üzrə planlanmış bütün fəaliyyətlər yerinə yetirilmişdir.