• 25.07.2024
  • 8732
Dövlət Proqramına 2024/2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub

Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na  2024/2025-ci tədris ili üçün sənəd qəbulu üçün son müraciət tarixi 20 iyun 2024-cü il olaraq müəyyən olunmuşdur.

Həmin tarixədək Dövlət Proqramına təqaüd üçün 16 ölkəyə aid 101 ali təhsil müəssisəsi üzrə 839 müraciət daxil olub. Müraciətlərin təhlili nəticəsində 658 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən ümumilikdə 295 nəfər namizəd Seçim Qaydalarının tələblərinə uyğun olaraq proqram iştirakçısı adını qazanıb.

Təqaüd qazanan gənclər "Harvard University", "Massachusetts Institute of Technology", “Columbia University”, "National University of Singapore", "ETH Zurich", "University of Oxford", "University College London" və "University of Cambridge" kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.

Gənclər tərəfindən üstünlük verilən ixtisas istiqamətləri sırasında informasiya texnologiyaları, mühəndislik, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili və digər prioritet ixtisas istiqamətləri yer alır.

Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk 10 yeri tutmuş ali təhsil müəssisələrində təhsil alacaqlar.

2024/2025-ci tədris ili üçün növbəti proqram iştirakçısı seçilənlərə aid siyahı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaqdır.