• 04.07.2024
  • 160
ADA-Corc Vaşinqton ikili diplom proqramının növbəti Rəhbər Komitə iclası keçirilib

Elm və Təhsil Nazirliyi və  ADA Universitetinin nümayəndələri ABŞ-yə səfər ediblər. Onlar ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramlarının Rəhbər Komitə iclasında iştirak ediblər.
 

Səfərin ikinci günündə baş tutan Rəhbər Komitə iclasında bir sıra məsələlər müzakirə olunub. İclasda ADA-nın professor-müəllim və işçi heyətinin peşəkar inkişafı ilə bağlı müzakirələrlə yanaşı, yeni təqdim edilən Kompüter Mühəndisliyi və Yüksək Performanslı Hesablamalar proqramı barədə danışılıb.

 

Nicat Məmmədli bu proqramlarda iştirak edənlərin ölkəmizin insan resursunu təşkil etdiyini və insan resursunun davamlı peşəkar inkişafının Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Müşavir həmçinin ADA nümayəndələrinin Corc Vaşinqtonu təmsil edən həmkarları ilə təcrübə mübadiləsi aparmaq üçün müntəzəm olaraq Vaşinqtona səfər etməsinin vacibliyini əlavə edib.

 

Görüş zamanı Kompüter Elmləri və Data Analitikası proqramına dördüncü dəfə aparılmış qəbul üzrə 20 tələbənin yay və payız semestrləri üçün Vaşinqtona gözlənilən səfəri müzakirə olunub.

  

Xatırladaq ki, ADA Universiteti Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq edərək ikili diplom proqramları təklif etməyə 2020-ci ildən etibarən başlayıb. Kompüter elmləri və Data analitikası, eləcə də Elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom təqdim edən magistr proqramlarına indiyə qədər ümumilikdə 121 tələbə qəbul edilib. Qeyd edilən magistr proqramları “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.

 

Qeyd edək ki, yeni təqdim edilən Kompüter Mühəndisliyi və Yüksək Performanslı Hesablamalar ixtisasına qəbul 2025-ci ildən etibarən aparılacaq.




 

Qalereya